“Bakı Sığorta”nın biznesi kiçilir - Yarım milyonluq azalma
“Bakı Sığorta” şirkətinin biznesi kiçilməkdə davam edir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk səkkiz ayında 3,72 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% və ya 552 min manat azdır. 2022-ci ilin yanvar- avqust aylarında sığorta şirkəti 4,26 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri isə əksinə, 8% və ya 134 min manat artaraq 1,82 milyon manata yüksəlib. Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə də təsirsiz ötüşməyib.
Belə ki, “Bakı Sığorta” 2022-ci ilin ilk səkkiz ayında topladığı hər 100 manatdan 39,5 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 49 manata qədər artıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.