Sosial şəbəkədə biz:

"40 min imza toplasam..." - Prezidentliyə namizəd Fikrət Yusifov

31 December 2023, 00:27
Gündəm

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Prezidentliyə namizədliyini irəli sürən şəxslərin sayı isə 20-yə yaxınlaşır. İndiyə kimi 16 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb. Artıq imza toplama kampaniyaları da başlayıb.

Seçki Məcəlləsinə əsasən, namizədin rəsmən qeydiyyatı üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairəni və ən azı 50 nəfəri əhatə etməklə 40 min etibarlı imza toplanılmalıdır.

Prezidentliyə namizəd olan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov seçkilərlə bağlı "Cebhe.info"ya verdiyi müsahibəni təqdim edirik:

Həmin müsahibəni təqdim edirik:

- Fikrət müəllim, namizədliyinizi irəli sürmüsünüz. Bu qərara gəlməyinizin səbəbləri nələrdir?

- Cəmiyyətimizdə ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin və demokratik abu-havanın ən yüksək həddə olduğu bir vəziyyətdə gələn ilin 7 fevral tarixində keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürmək qərarına gəldim. 

Özünə "müxalifət" deyən bəzi destruktiv qüvvələrin bu seçkini guya boykot etməsi ilə bağlı addımları isə insanlarda ikrah hissi yaradır. Təbii ki, məndə də bu hisslər yarandı. Elə şəxslərə bir daha göstərmək istədim ki, bu cəmiyyətdə istənilən adam öz namizədliyini irəli sürərək Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun olaraq prezident seçkilərində iştirak edə bilər. 

Mən heç kimə demədən seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdim və namizədliyim qeydə alındı. Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərində ölkəmizin iqtisadi qüdrətinin artırılması, maliyyə, bank, gömrük və vergi sisteminin yenidən qurulması istiqamətində kifayət qədər xidmətlərim olub. Bütün bunlar da mənə seçkilərdə iştirak etmək üçün əsas verdi. 

- Prezident və Ali Baş Komandan olaraq İlham Əliyev Azərbaycana tarixi zəfər bəxş edib. Xalq onu dəstəkləyir. Bu reallıqda namizədlik irəli sürmək və mübarizə aparmaq ağır deyilmi?

- Bu seçkilərdə Prezident, Ali Baş Komandan İlham Əliyevə rəqib olmaq o qədər də asan məsələ deyil. Çünki Ali Baş Komandan tarixi Qarabağ zəfərini Azərbaycan xalqına bəxş edib. Onun rəhbərliyi altında Qarabağda separatizmin kökünü kəsərək dünyaya nümunə sərgiləmişik.

Həmçinin, Prezidentin rəhbərliyi altında son 20 ildə ölkə iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Eyni zamanda, büdcəmiz də 30 dəfəyə qədər artıb. Əlbəttə ki, belə göstəricilərin ortada olduğu bir şəraitdə prezident seçkilərində İlham Əliyev kimi nəhəng siyasət adamının qarşısına çıxmaq çox çətindir. 

Buna baxmayaraq, özümdə cəsarət tapdım. Hesab edirəm ki, bu seçkilərdən yararlanıb Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə sistemində və digər sahələrdə islahatların dərinləşdirilməsi, habelə vətəndaşların sosial məsələlərinin həlli üçün öz təkliflərimi bu tribunadan reallaşdıra bilərəm. Ona görə də belə bir seçim etdim. 

- Namizədliyin qeydə alınmaq üçün 60 seçki dairəsi ərazisindən ümumilikdə minimum 40 min seçici imzası toplamaq lazımdır. Bunun üçün komanda və resurslarınız varmı?

- Artıq iki gündür ki, seçkilərdə 40 min imza toplamaq üçün işə başlamışıq. Bunun üçün təşəbbüs qruplarımız və 60 seçki dairəsi üzrə işləyəcək adamlarımız var. Yəni bütün bu işləri təşkil etmişik. Hətta 40 mindən də bir qədər artıq imza toplamaq üçün çalışacağıq.

Bu, bizim hədəfimizdir. Lakin bu istiqamətdə bütün gücümüz və bacarığımızla imkanlarımızı səfərbər edirik. Hesab edirəm ki, hədəfimizə nail ola biləcəyik. Əslində insan bir hədəf uğrunda mübarizə aparsa, sonda bunu reallaşdıra bilər. Biz də bunun üçün çalışacağıq. 

- Namizdələrin sayı təqribən 20 nəfərə yaxındır. Ötən seçkilərlə müqayisədə bu dəfə namizədlərin sayının çoxluğunu nə ilə əlaqələndirmək olar?

- Namizədlərin sayının 20 nəfərə yaxınlaşması Azərbaycan cəmiyyətində seçki mədəniyyəti və qanunlarının yüksək səviyyədə olduğunu göstərir. Bu o deməkdir ki, cəmiyyətimizdə demokratik və sivil abu-hava var. Hər bir vətəndaş öz konstitusion hüququndan istifadə edərək bu seçkidə iştirak edə bilər. Yəni 40 min imza toplayan hər bir şəxs seçkidə iştirak edəcək. 

- Bəs 40 min imza toplasanız namizəd təbliğat-təşviqat kampaniyasını necə aparacaqsınız?

- Əgər lazım olan qədər imza toplaya bilsəm, seçki kampaniyamı mətbuat vasitəsilə aparmağı nəzərdə tuturam. Həmçinin, vətəndaşlarla keçirəcəyim görüşlərdə proqramlarımla çıxış etməklə insanların səsini toplamaq üçün təbliğat-təşviqat kampaniyasını aparacağam. İllərdir mətbuatla işlədiyim üçün sözügedən kampaniyanı rahatlıqla apara biləcəyimə inanıram. 

- Bəzi siyasi qüvvələr seçkiləri boykot etdiklərini deyirlər. Onların qərarına münasibətiniz necədir? Onların boykot çağırışlarının cəmiyyətə təsiri varmı?

- Əslində indiki vəziyyətdə bu seçkini boykot etmək qərarı kimi ağılsız bir hərəkət ola bilməz. Ümumiyyətlə, seçkini nə üçün boykot edirlər? Əgər özünüzü müxalif siyasi partiya lideri hesab edirsinizsə, seçkidə iştirak etməlisiniz. 

Onlar 30 ildir ki, seçkilərə hazırlaşdıqları üçün buna hazır olmalı idilər. Danışanda ölkədə yüzminlərlə tərəfdaşlarının olduqlarını iddia edirlər, amma 40 min imza toplamağa çətinlik çəkirlər. 

Ölkənin iqtisadiyyatını dirçəltmək və bütün sahələrdə islahatlar aparmaq üçün xüsusi proqramlarının olduğunu önə sürənlərin seçkiyə qatılmağa cəsarət edə bilməməsi absurddur. Deməli, onların əsl məqsədləri tamam başqadır. Onlar sadəcə olaraq, Qərbdən olan dəstəkçilərinin çağırışlarına qulaq asırlar.