Sosial şəbəkədə biz:

Qurban Qurbanov: “Biz danışığımıza əməl etdik”

31 January 2024, 08:12
Gündəm

“Oyunun sonuna kimi dinamikanı qoruyub-saxladıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalının ilk oyunundan sonra deyib.

Təcrübəli mütəxəssis səfər matçında “Sabah” üzərində qazanılan 7:1 hesablı qələbəni şərh edib. Qurbanov rəqib komandanın yorgun görünsə də, sonadək mübarizə apardığını bildirib: “Əvvəlki oyunumuzdan üç gün vaxt keçmişdi. Meydanda hazırlıqlı futbolçuların sayı bizdə daha çox idi. "Sabah" isə yorğun görünürdü. Buna baxmayaraq, hesab 4:1, 5:1 olandan sonra da qapımızda qol epizodları yaratdılar. Müdafiədə oturmadılar, əksinə üstümüzə gəldilər. Belə nəticələr istənilən çempionatda həmişə qeydə alınır. Arxayınlaşmalı deyilik. Futbolda bəzən bizim düşünmədiyimiz nəticələr olur”.

Qurbanov “Sabah”dan transfer olunan Aleksey İsayevin niyə meydana çıxmadığına aydınlıq gətirib. O, klublar arasında razılıq olduğunu bildirib: “Klublar arasında centlmensayağı anlaşma olmuşdu ki, aramızdakı kubok oyunlarında Aleksey iştirak etməsin. Biz də danışığımıza əməl etdik”.

Qeyd edək ki, “Qarabağ” rəqib meydanında “Sabah”ı 7:1 hesabı ilə məğlub edib.