“Starex” niyə müştərilərdən nağd ödənişləri qəbul etmir?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı karqo şirkətlərindən biri olan “Star Express Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9.-cu maddəsinə əsasən protkol tərtib edib.
Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Star Express Azərbaycan” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Star Express Azərbaycan” MMC müştərilərdən nağd formada ödənişləri qəbul etməkdən imtina edib.
Dövlət Xidmətinin tərtib etdiyi protokola əsasən “Star Express Azərbaycan” MMC-nin 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, 15 mart 2001-ci ildə dövlət qeydiyyatına alınan “Star Express Azərbaycan” MMC-nin nizamnamə kapitalı 778 min 434 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Niftəliyev Sabir Hüseynqulu oğludur.