"Bu addımı atan əsl Əhli-beyt aşiqləri vətəninə bağlı olanlardır" - Seyid Camal Əzimbəyli
"Xalqımız hər zaman Allahın sonuncu elçisi Məhəmməd peyğəmbərə, onun mübarək Əhli-beytinə sevgi və ehtiramla yanaşıb”.
Bu fikirləri 525.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
Onun sözlərinə görə, diqqət və ehtiramdan irəli gələrək Azərbaycanda hər zaman məzhəblərarası, dinlərarası münasibətlərin qorunub saxlanılıb, birlik və bərabərlik mühafizə olunuub: "Məhz bu amil həm də Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda bir ortaq dəyərə çevrilib. Hamıya bəllidir ki, Azərbaycan dünyəvi ölkədir, amma peyğəmbər və onun Əhli-beyt irsinin yaşadılmasının, mühafizə olunmasının ən böyük təminatçısı da Azərbaycan dövlətinin başçısı, Qarabağın fatehi cənab İlham Əliyevin özüdür”.
İmam Hüseynin şəhadətə qovuşduğu Məhərrəm ayından danışan C. Əzimbəyli inanclı insanlara müraciət edib: “Məhərrəm ayında İmam Hüseyn məktəbindən dərs alaraq yad ölkələrin deyil, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri və iradəsi ilə döyüşə atılaraq şəhadət zirvəsinə çatan igidlərimiz var. Ən yaxın tariximizdə Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimovun qəhrəmanlığını nümunə gətirə bilərik.
İnanclı insanların vəfa borcudur ki, şəhidlərimizin məzarlarını ziyarət edək, şəhid doğmalarının qapısını açaq. Elə bu addım İmam Hüseyn başda olmaqla bütün şəhidlərə ən böyük sayğı, ehtiram və ehsandır. Çünki onlar vətən, dövlət uğrunda canlarını fəda ediblər. Bununla bərabər, qəhrəman qazilərimizi yad etmək, problemlərinin həllinə yardımçı olmaq da elə imana bağlıdır. Bunlar İslamın da hökmlərinə, dinimizin də gətirdiyi təməl prinsiplərinə uyğundur. Elə bu addımı atan əsl Əhli-beyt aşiqləri də vətəninə, dövlətinə, bayrağına bağlı olanlardır”.