Meşəli sakinləri başqa kəndə köçmək istəmir
“Bizi öz kəndimizə, Meşəliyə buraxmırlar”
Xocalının Meşəli kəndinin sakinləri etiraz edirlər.
Səbəb isə onların Xocalının digər kəndi Seyidbəyliyə köçürülməsidir.
Hazırda Goranboyun Ağcakənd qəsəbəsində məskunlaşan Meşəli kənd camaatı Prezident İlham Əliyevə müraciət edərək doğma kəndlərinə qayıtmaq istədiklərini bildiriblər.
“Otuz üç ildir ki, öz torpağımızın işğaldan azad edilməsini gözləyirdik. İndi isə bizi suyu olmayan, ilanmələməz bir yerə köçürürlər. Daşbulaq kəndində post qoyublar, bizi öz kəndimizə, Meşəliyə buraxmırlar. Kənd camaatı gedir, qabaqlarını kəsib saxlayırlar. Səbəb nədir? Bəlkə kəndimiz hələ də işğaldadır, biz bilmirik? Biz öz kəndimizi görmək istəyirik. İşğaldan azad olub, yenidən başlayıb, kəndi işğal edirlər. Hamısını istirahət mərkəzləri ediblər. Meşəlidən başqa yerə gedən deyilik. Qan tökülüb, torpaq alınıb, biz öz kəndimizi istəyirik”, – Meşəli camaatı deyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Meydan TV-nin məsələ ilə əlaqədar ünvanladığı sorğuya cavab verməyib.
1991-ci il dekabrın 31-də Xocalının Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən qətliam törədildiyi, hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.
2023-cü ildə hadisədə təqsirli bilinən Xocalının Badara kəndində doğulub yaşamış Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan mərum edilib. Ancaq o, özünü təqsirli bilmir, hadisənin iştirakçısı olmadığını deyir.