Biz OBAdan oğurlayanı məzlum görə bilərik
Bu gün gözümə iki üç dəfə “OBA marketdən oğurluq” mövzusunda paylaşım dəyib. Əsasən oğurluyan yox oğurlanan tərəfin ittiham olunduğu paylaşımlardan nə baş verdiyini anlamağa çalışdım, amma iş çox, vaxt yox idi. İndi bir az rahat vaxtımdı, oturmuşam fikirləşirəm ki:
1. Övladımızın formasından və məbləğindən asılı olmayaraq oğurluq eləməyini istəmərik. Bu məsələdə yəqin ki, hamı həmfikirdi.
2. Övladımız işdi-şayət hansısa bir oğurluq edibsə, bu məsələnin açılmasını, yəni polisə çıxmasını, məhkəmə ilə həll olmasını da istəmərik. Xalq olaraq “yerində həll etməyin” ən düzgün yol olduğunu düşünürük. Buna da çətin etiraz edən ola.
3. Övladımız etdi, biz də məsələni yerində bağladıqsa, çəkdiyimiz stresi və xərcin əvəzini “indi mən sizi biyabır edim, siz də görün” məntiqi ilə sosial şəbəkələrə üz tutub, son illərin trendi olan “linç etdirmə” üsulundan yararlanmaq istəyərik. Nəticədə qapalı profillə girib hansısa bir qrupda “nəki var döşəmək”lə acıq çıxmağı arzu edərik. Bax bunu çoxumuz boynumuza almasaq da bu belədir.
4. Digər tərəfdən isə, heç birimiz öz dükanımızdan kiminsə oğurluq etməyini istəmərik, buna izin vermərik, imkan tapıb edənin də, tuta bilsək canını alarıq. (Ya da əvəzində 3-4 qat malını)
Baş vermiş hadisəyə dəyər verərkən yuxarıdakı 4 bəndin heç birini nəzərə almadan, “məzlum oğru” obrazına dayaq durub, “Zalım sahibkar”a qarşı çıxmaq ən asan yoldu. Çünki, qəribə bir ön yarqı ilə belə məsələlərdə şirkətləri, mağazaları, təşkilatları qınamaq bir növ adət halını alıb. Amma özümüzün olsa…
Keçən günlərdə belə bir oğurluq halı ilə rastlaşan bir qohuma oğrunun ailəsi, yaxınları ciddi-cəhdlə sübut etməyə çalışırdılar ki, övladlarının oğurluyub birgə yaşadıqları evə gətirdiyi 100 kiloluq kombidən, dəstbədəst paltardan və sairə xeyli şeydın “xəbərləri olmuyub”. Nə deyim vallah…
OBA marketin açıqlamasında diqqət çəkən “gündəlik ehtiyacdan artıq” söhbəti isə məncə həm hamımızın deyəcəyi “yazıx uşax, ac imiş götürüb də” söhbətinə cavabdı, həm də yuxarıda qeyd etdiyim məsələyə görədi: çox güman ki, uşaq oğurladıqlarından evə də aparırmış. Di gəl “heç kəsin xəbəri omuyub”.
Biz OBAdan oğurlayanı məzlum görə bilərik. Uşaq bütün hallarda qida, yemək oğurluyub da, qızıl-brilyant oğurlamıyıb ki. Amma ki, hər gün evə gələndə yolüstü girdiyimiz balaca məhəllə dükanlarının ( Bunlar çox halda elə OBAdı) kassirləri, satıcıları, işçiləri də elə məzlumlardı da. Oğurlanana o yazıqlar cavabdehdi axı.
Əlqərəz ki, məsələyə bir neçə tərəfdən baxmaq olar. Amma əsil həqiqət o vaxt üzə çıxardı ki, məsələni ədalətli hüquq-mühafizə sistemi və məhkəmələr həll edəydi. Di gəl bizdə nə onların ədalətli olmasına inam var, nə də öz övladının səhv əməlinin yarqılanmasını istəyən valideyin.
Odur ki, belə də olacax…
Çingiz Özgür