Mirzoyan: "Heç bir sülh müqaviləsi bütün suallara bir anda cavab verə bilməz"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi layihəsinin yekunlaşmasını "mühüm mərhələ" kimi qiymətləndirib. Mirzoyan bu barədə martın 14-də Ermənistan parlamentinin komitə iclasında danışıb. O bildirib ki, sənəd layihəsinin yekun mətnində hər iki ölkə arasında əlaqələrin normallaşması ilə bağlı müzakirələrin davamı üçün mexanizmlər nəzərdə tutulub: "Ümumiyyətlə, tarixdən bilirik ki, heç bir sülh müqaviləsi bütün mümkün suallara bir anda cavab verə bilməz. Sehrli çubuqla iki ölkəni və ya xalqı dərhal barışdıra bilməz... Təbii ki, çox həssas məsələlər də daxil, daha sonra müzakirə və həll edilməli məsələlər var".
Mirzoyanın sözlərinə görə, razılaşdırılmış mətndə qaçqınların qaytarılması və "dəhliz" ilə bağlı heç bir müddəa yoxdur: "Ümumiyyətlə, saziş layihəsinin mətnində blokadanın götürülməsi mexanizmləri haqqında heç nə yoxdur".
Rəsmi Bakı daha əvvəl Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan quru yolun – Ermənistanın Sünik bölgəsindən keçməli olan "Zəngəzur dəhlizi"nin açılmasını tələb edib. Rəsmi Yerevan "dəhliz" termininə qarşı çıxır, təkidlə bildirir ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır.
Nazir Mirzoyan habelə bildirib ki, sülh sazişinin mətnində hər hansı birtərəfli şərtlər və ya iki ölkənin konstitusiyaları ilə bağlı bənd yoxdur.
"Ümumilikdə, sazişin mətnində birtərəfli qaydalar yoxdur. Həmçinin, konstitusiyalarla bağlı heç bir tənzimləmə yoxdur", - o deyib.
Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, Ermənistanın konstitusiyasında ölkələrinə qarşı ərazi iddiası var və buna görə də o dəyişdirilməlidir.
Mirzoyan sülh sazişi imzalanarsa, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının taleyinə də toxunub. Bildirib ki, Yerevan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasından sonra Monitorinq Missiyası ilə əməkdaşlığa dair "məqbul və qarşılıqlı faydalı" həll yolunu Brüssel ilə müzakirə edəcək.