Sosial şəbəkədə biz:

Özbəkistanda prezident seçkiləri keçirilir

04 December 2016, 10:18
Gündəm
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir. Rusiya KİV bildirir ki, seçki məntəqələri səhər saat 6.00-da açılıb. Səsvermə axşam saat 18.00-da başa çatacaq. Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir. Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edirlər. Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir. Yeri gəlmişkən, bir çox mütəxəssislər hesab edir ki, məhz o prezident vəzifəsinə əsas iddiaçıdır. Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə, seçkilər exit-pollsuz keçirilir. (Virtualaz.org)