Bankların və ölkənin xalis xarici aktivləri azalır – TƏHLİL
Ölkənin xalis xarici aktivlərində kəskin azalma müşahidə olunur. Bu isə öhdəliklərin artması fonunda baş verə bilər. Fins.az xəbər verir ki, əgər ötən ilin sonunda xalis xarici aktivlər 11 milyard manatdan çox idisə, bu ilin 10 ayının yekunlarının sonunda 8 milyard manata düşüb. Bu ilin 10 ayında isə xalis xarici aktivlər aşağıdakı dinamika üzrə dəyişib.
Əvvəlcədən qeyd edək ki, aktivlər-öhdəlik= xalis aktiv deməkdir. Qayıdaq əsas məsələyə. 2016-cı ilin 10 ayı ərzində xalis xarici aktivlərin həcmi nəzərə çarpacaq dərəcədə dəyişib. Belə ki, bu ilin yanvar ayında xalis xarici aktivlərin ümumi miqdarı 10 milyard 571 milyon manat təşkil edib. Bu məbləğ olduqca böyük rəqəmdir. Növbəti ay yəni, fevralda isə bu aktivlərin həcmi təxminən 2 milyon manat azalaraq 10 milyard 387 milyon manat olub. Düzdür, fərqi o qədər də böyük hesab etmək olmaz. Lakin mart ayında xalis xarici aktivlərin miqdarında əksinə böyük artım müşahidə olunub. Beləki, aktivlərin həcmi təxminən 2 milyard manat artaraq 12 milyard 264 milyon manata qədər yüksəlib. Aprel ayında bu məbləğ 12 milyard 31 milyon manat təşkil edib. Növbəti ay isə xalis xarici aktivlərin miqdarında nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunub və onun həcmi 9 milyard 42 milyon manata düşüb. İyun ayında isə xalis xarici aktivlərin miqdarında çox böyük artım müşahidə olunmayıb və aktivlərin miqdarı 9 milyard 734 milyon manat təşkil edib. İyun ayından ba.layaraq yenidən azalma tendensiyası müşahidə olunub. Beləki onun miqdarı 8 milyard 912 milyon manata düşüb. Avqust ayı isə artımla müşahidə olunub. Xalis xarici aktivlərin avqust ayı üzrə ümumi həcmi 9 milyard 222 milyon manata çatıb. Növbəti iki ay ərzində isə müvafiq olaraq azalmalar müşahidə olunub. Beləliklə, sentyabr ayında xalis xarici aktivlərin ümumi həcmi 8 milyard 749 milyon manat,oktyabr ayında isə 8 milyard 508 milyon manata enib.
Nəzərə alsaq ki, Mərkəzi Bankın təqdim etdiyi statistikada göstəricilər manatla ifadə olunub və xarici aktivlər xarici valyutada saxlanılır, o zaman manatın kursunu nəzərə alsaq, ölkənin xalis xarici aktivlərinin o qədər də həcminin o qədər də yüksək olmadığı demək olar. Bəs, aktivlərin azalmasında hansı səbəblər var. Yuxarıda qeyd etdiyimiz kimi, öhdəliklər artdığı halda xalis xarici aktivlər azalır. Lakin Azərbaycan dövlətinin bu il ərzində elə böyük bir borclanmaya girməyib. Sonuncu alınan kreditlər isə bu statistikaya düşmür. Sualımızı ekspert Samir Əliyevlə müzakirə etdik. S,Əliyevin sözlərinə görə, aktivlərin strukturu ilə bağlı məlumatlar o qədər də çox deyil. Amma bu il baş verən bəzi hadisələri nəzərə alsaq, müəyyən fikirlər yürütmək olar. Məsələn, Beynəlxalq Bankla bağlı baş verən hadisələr onun Rusiyada olan aktivlərinə təsirsiz ötüşmədi. Bundan başqa, Qafqaz İnkişaf Bankının Gürcüstandakı törəməsini bağlaması faktı da aktivlərə müəyyən qədər mənfi təsir göstərdi. SOCAR-ın xarici aktivlərini artırması ilə yanaşı, bəzi aktivlərini satması da mümkündür. Ekspert ümumilikdə bankların xalis xarici aktivlərinin də azaldığını qeyd etdi. S.Əliyevin açıqlamasına görə, hazırda bankların öhdəliyi xalis xarici aktivlərini üstələyir.