Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?
-Onda qovulan diplomatların da təkrar qayıtmasını istisna etmək olmaz, elə deyilmi? Yoxsa praktikada belə şey olmur? Onların yerinə mütləq təzələri gəlməlidir...
-Bu məsələ fərdi qaydada həll olunur. Bəziləri təkrar ABŞ-a qayıda bilər. Bunu istisna etmirəm.
-Bəs ölkədən çıxarılan diplomatların siyahısının tərtibi neçə baş verir?
-Siyahını xüsusi xidmət orqanları, konkret olaraq, əks-kəşfiyyat hazırlayır və qərar qəbulu üçün Ağ Evə təqdim edir. Həmin siyahıya sonsuz casusluq fəaliyyətləri ilə xüsusi xidmət orqanlarını bezdirmiş şəxslərin adları salınır. Bu şəxslər elə adamlardırlar ki, hansısa casusluq hərəkətində yaxalanmasalar da, onlardan yaxa qurtarmaq lazım gəlir. Bəlkə də ölkədən və şəxsən prezidentdən ötrü elə də pis adamlar deyillər. Amma məsələ ondadır ki, kimin pis, kimin yaxşı olduğunu məhz xüsusi xidmət müəyyən edir. Dövlətlər arasında siyasi qarşıdurmalar yarananda hədəfə, ilk növbədə, məhz belə adamlar gəlir.
-Sizcə, Rusiyanın haker hücumlarında əli olduğuna dair ABŞ-ın kəşfiyyat icmasında yekdil fikir var, yoxsa orda da fikirlər haçalanır? Bəlkə heç yeni prezidentin xüsusi xidmət icması ilə ixtilafına gərək yoxdur? -Amerikanın xüsusi xidmət icması yeni rəhbərliyə ehtiyatla yanaşır. Xüsusi xidmətin sabiq əməkdaşları arasında tanıdıqlarım var. Onlar fəaliyyətdə olan əməkdaşlarla əlaqə saxlayırlar. Bildirirlər ki, ümumilikdə, yeni prezidentə skeptik yanaşılır. Çünki onun söylədiklərinin bir çoxu xüsusi xidmət orqanlarında böyük narahatlıq doğurur. Ancaq eyni zamanda, Birləşmiş Ştatlarda bu orqanların nə vaxtsa ölkə rəhbərliyinə qarşı açıq-aşkar mövqe qoyduğunu, səs ucaltdığını xatırlamıram. Prezidenti xalq seçir, xüsusi xidmət orqanlarının rəhbərləri isə təyin olunurlar – Prezident və ya digər rəhbərlər tərəfindən. Yəni Amerikada xüsusi xidmət öz yerini bilir. Ona görə də açıq əks-fikir bildirməkdən çəkinəcək. Lakin mümkündür ki, Trump-ın Rusiya və ya digər ölkələrlə bağlı yeni qərarlarını gözdən salan yazılara mediada hələ çox rast gəlinsin.