Qafqaz Universitetinin tələbələri fikirlərinin təhrif olunduğunu deyir
Qafqaz Universitetinin tələbələr imza toplama kompaniyasını davam etdirirlər. Artıq 8 mindən çox imzanın toplandığı bildirilir.
Onlar ölkə başçısına və təhsil nazirinə ünvanladıqları müraciətdə keçmiş Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsinin yaradılmasını xahiş edirlər. Müraciət müəllifləri Qafqaz Universitetinin tələbə və professor-müəllim heyətinin həmin müəssisədə fəaliyyətini davam etdirməsinə şərait yaradılmasını istəyirlər.
Tələbələr Qafqaz Universitetinin qapadılmasının ölkədə hakim olan təhsil ideologiyasına zidd olduğunu ifadə edirlər.
ATV-dən narazılıq
Tələbələr sosial şəbəkələrdə də səhifə açaraq Qafqaz Universiteti ilə bağlı bu günlər ATV-də yayınlanan reportajda fikirlərinin təhrif olunduqlarını bildirirlər.
Tələbələrdən biri yazır ki, jurnalist ondan “dövlət və özəl ali təhsil müəssisələrindən hansında təhsilinizi davam etdirmək istərdiniz” - deyə soruşub.
“Mən Qafqaz Universitetinin ərazisində yeni universitetin yaradılmasını gözlədiyimi və əgər köçürüləcəyiksə, ADİU, ADA universitetlərini seçəcəyimi dedim. Jurnalistin “Odlar Yurdu necə, əgər qrup yoldaşlarınız və fakültəniz orda olsa, seçərdinizmi” sualına isə belə cavab verdim. “Ən pis halda pedaqoji heyət və qrup yoldaşlarım da ora köçürülsə və seçimlər arasında olsaydı, Odlar Yurdu Universitetini seçərdim. Amma Qafqazdan köçürülməyimi istəmərəm” cavabını verdim. Jurnalist isə məhz mənim bu cavabımı götürüb efirə verdi. Amma Qafqaz haqqında danışdıqlarım efirə getmədi” - deyə o yazır.
ATV rəhbərliyindən isə, hələlik, tələbələrin bu narazılığına münasibət almaq mümkün olmayıb.