Sosial şəbəkədə biz:

700 bal toplamış abituriyent növbəti imtahana da gedəcəkmi?

09 May 2017, 14:33
Gündəm
IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilmiş ilk qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də 287 nömrəli “Zəkalar” liseyinin 11-ci sinif şagirdi Nemət Yusifovdur. Virtualaz.org-un əməkdaşı rekordçu yeniyetmə ilə görüşərək, onunla söhbət edib. - İmtahana necə hazırlaşırdınız? - Xüsusi sistemim yox idi. Vaxtımdan səmərəli istifadə edərək hazırlaşırdım. - Bəs əslində neçə bal gözləyirdiniz? 700 bal toplayacağınıza inanırdınızmı? - Təbii ki, yüksək nəticə əldə edəcəyimə inanırdım, lakin 700 haqqında heç düşünməmişdim. - May ayının sonunda keçiriləcək sınağa, yəqin ki, bilet almısınız. İştirak etməyi düşünürsünüz? - Məncə, sınaqlara bu baldan sonra ehtiyac yoxdur. - Bəs iyul ayında keçiriləcək ikinci imtahana gedəcəksiniz? - İnsanda şans bir dəfə olur, nəticəmi korlamamaq üçün getməyəcəyəm. - Sizcə, qəbul imtahanına hazırlaşmaq üçün yalnız məktəbdə qazanılan biliklər kifayət edir? - Mümkünsüz heç nə yoxdur, amma repetitorsuz çox çətin olardı. - Hansı ixtisasa yiyələnmək istəyirsiniz və nə üçün? - Həkimlik, çünki bu işi bacaracağıma inanıram. - Gələcəyin həkimi kimi, ölkənin səhiyyə sistemində hansı dəyişikliyi etmək istərdiniz? - Yəqin ki, həkimlərin insanlara yanaşma tərzini dəyişərdim.