AZAL kimi aldadır?
“AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq”. “ Azinforum.az ” anspress-ə istinadən xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekpert Ərşad Hüseynov avqustun 1-dən "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin 30%-inə 20% endirim tətbiq edəcəyi barədə yaydığı xəbəri şərh edərkən bildirib.
Məsələ bundadır ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC bu addımı könüllü şəkildə atmayıb. AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasdadövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilmişdi: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.

Bu, nəinki Azərbaycanın qərb bölgələrinin, hətta paytaxt Bakının sakinlərini belə xarici səfərlərə Gürcüstan paytaxtından getməyə meylləndirir. Bakıdan Tiflisə avtobusla gediş də elə baha deyil, 10-12 manata gecə saat 12-də avtobusa minib, səhər saat 09-də Tiflis hava limanına çatmaq mümkündür.

Bəlkə də elə bu səbəbdəndir ki, iyulun 21-də qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın 1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. AZAL-ın büdcəli uçuşları "Embraer" təyyarələri ilə həyata keçiriləcək.

Məşhur səyyah Azər Qərib isə öz AZAL-ın qapalı iclasından sonra yayılmış açıqlamanın möhtəkirliyə yol aça biləcəyinə diqqət çəkib. “Facebook” səhifəsində status yazan səyyah bildirib: “Biletlərin güzəştli 30 faizinin artıq satıldığını yalandan söyləmək istəyən kassirə heç kim mane ola bilməyəcək. Həm də heç kim bilmir ki, 20% güzəşt hansı tarifdən ediləcək. Bəs, istinad etmək üçün vahid tariflər hardadır? Harda onunla tanış olmaq olar?” Azər Qərib öz statusunda Avropa istiqamətlərinə də aşağı büdcəli xətlərin tətbiq edilməsinin vacibliyini vurğulayıb.
