Məşhur banka qarşı şok ittiham- “Evimi satıb pulumu vermirlər...”
“Mən bağda olmayanda qonşularım zəng etdilər ki, əşyalarını çölə tökürlər, özünü çatdır” “Qərar çıxarılıb ki, evimi özümə qaytarsınlar, amma bank məhkəmə qərarına məhəl qoymur” Son zamanlar mediada “Parabank”ın fəaliyətindəki çox ciddi nöqsanlarla bağlı müxtəlif xəbərlər dərc edilir. Bildirilir ki, bank dövlətdən 40 milyona yaxın pul gizlədib, həmin pullar müəyyən müddətlərdə qanunsuz şəkildə dövriyyəyə buraxılıb. Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması və bundan sonra baş verən müəmmalı ölüm hadisəsindən sonra cinayət işinin açılması ilə ifşa olunub. Bankla bağlı bu tipli xəbərlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, belə informasiyaların yayıldığı bir vaxtda AzNews.az-a müraciət edən bank müştərisi “Parabank” haqda ilginc məlumatlar verib. Redaksiyamıza üz tutan şəxs evini girov qoyub bankdan pul götürərək evsiz qalan Tamella Cəfərovadır.
T.Cəfərova 2010-cu ildə Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini “Parabank”a girov qoyub və bankdan 30 min manat kredit götürüb. Götürülən pulun təxminən 15 min manatını geri qaytarıb. Lakin bir müddət ödənişini gecikdirən müştəri bankın haqsızlığı ilə üzləşib. 3 ay gecikməsi olduğundan bank 2011-ci ildə T.Cəfərovanı məhkəməyə verib.

T.Cəfərova Bakıya qayıdan kimi bankdan ona bağını hərracda 50 min manata satdıqlarını bildiriblər: “Qanunla mənim evimin hərraca çıxarılmasından xəbərim olmalı idi. Onlar evin satılacağı ilə bağlı mənə heç xəbərdarlıq da etməyiblər. Üstəlik evi 50 min manata satıb, öz pullarını götürüblər, bəs oradan artıq qalan pulu niyə mənə qaytarmırlar? Bundan əlavə, vəkilim maraqlandı, sorğu göndərdi, cavabdan məlum oldu ki, heç bir hərrac keçirilməyib. Bank özü müştəri tapıb və evi satıb. Hərrac saxta olub”.

Zərərçəkən Tamella Cəfərova bankı Səbail Rayon Məhkəməsinə verib. 2015-ci ilin mayın 15-də hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən məhkəmə T.Cəfərovanın xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən müştərinin hüquqları bərpa olunmalı, evə yeni köçən şəxs oradan çıxmalı və banka bağını girov qoyan şəxs oraya qayıtmalı idi. Lakin ev sahibəsi bildirib ki, bunların heç biri olmayıb: “O evdə artıq başqa adam yaşayır. Təxminən 2 ildir ki, oradadır. Zəng edib, məhkəmə qərarı olduğunu deyirik, bizə deyir ki, 200 min verin çıxım. Bildirir ki, bank məni əmin edib ki, Apellyasiya məhkəməsini udacağıq, sən də evdən çıxmalı olmayacaqsan. Belə çıxır ki, “Parabank” artıq məhkəmə ilə danışıb, onlara rüşvət verib və məhkəməni udacağını da əvvəldən bilir”.
