Sosial şəbəkədə biz:

Salam Sarvan "Xalq şairi"ni seçdi: Evi ona verin

01 September 2017, 14:11
Gündəm
Salam Sarvan "Xalq şairi" müsabiqəsinin qalibini indidən seçib. Teleqraf.com xəbər verir ki, o bu müsabiqədə gənc şair Rəşad Nağı Mustafanı qalib hesab etdiyini yazıb, şair Şəhriyar del Geranini isə müsabiqədən geri çəkilməyə səsləyib: "Rəşad Nağı Mustafanın bu şeirini çatdırın o müsabiqədəki münsiflərə. Ki, orada oxunacaq şeirləri məhz bununla müqayisə eləyib dəyərləndirmə aparsınlar. Sonrasa üzüsulu evin açarını göndərsinlər bu gəncə. Çün məncə, nə o müsabiqədə, nə də onun həndəvərində belə talantlı şeir tapa bilməyəcəklər onsuz da..." Salam Sarvanın qalib hesab etdiyi şeiri təqdim edirik: Yenə sizin küçəni qarış-qarış gəzmişəm, Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it. Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram. Səni unutmaq üçün bundan yaxşı şərait? Küçənizin başında bir məscid də var hələ, Azanı eşidəndə dilimin altda bir az zümzümə eləyirəm Bu sirli çağırışı uşaqların dilinə tərcümə eləyirəm... Ax bu yeniyetmələr!!! Ax bu yeniyetmələr!!! Məscidin hasarında "Günel, səni sevirəm" "Günel, məni bağışla" "Günel, çox darıxmışam" qırmızı, ağ yazılar... Quşlar divardan məktub götürə bilmir axı, Alın yazılarını bura nahaq yazırlar... Görəsən minarədən özümü yerə atsam mənə günah yazılar? İstəyirəm qışqırım küçənin ortasında: "Günel, o səni sevir" "Günel, onu bağışla" "Günel, o çox darıxıb" Səni görsəm qorxuram Günel deyim karıxıb. Hava da ki çox isti, ürəyim də sıxılır, Eh bu darıxmaq da ki, yığıb məni boğaza. Siqaret də qutarıb, Tərsliyə bax mən çəkən siqaretdən də satmır küçədəki mağaza. Məndən 5-6 ağac o tərəfdə bir nəfər bir ağaca söykənib, işığa gözün dikib, itlər ilə danışır. Dərindən nəfəs alır Deyəsən o Günel də sizin küçədə qalır...