Bakıdakı marketlərdə qiymət müşahidəsi - REPORTAJ
Azərbaycanda dolların bahalaşmasından sonra ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Mətbuat orqanlarında bəzi sahibkarlar və işbazların dolların bahalaşmasını bəhanə edərək qiymətləri qaldırdığı barədə yazılar dərc olunur. "Report"un əməkdaşları manatın devalvasiyasından sonra Bakıda yerləşən bəzi marketlərdə müşahidələr aparıb. Paytaxtdakı bir sıra marketlərdə çəkiliş aparmağa icazə verilməyib və marketlərdəki ərzaq qiymətlərinin eyni olmadığı nəzərə çarpır. Bəzi hallarda isə rəflərdə düzülən malların üstündə qiymətlər göstərilməyib.
"Report" "Neptun" marketlər şəbəkəsində rəhbərliyin icazəsi ilə çəkiliş apara bilib. Marketdən heç bir qiymət artımı omadığı qeyd edilsə də, satıcıların səsləndirdiyi qiymətlərlə malın üzərindəki qiymətlər arasında fərq müşahidə olunub. Belə ki, satıcıya yaxınlaşan əməkdaşımıza yumurtanın 1 ədədinin qiymətinin 11 qəpik olduğu bildirsə də, rəfdə bu qiymətin 8 qəpik olduğu göstərilib. Satıcının bunu izah edə bilmədiyini görən marketin inzibatçısı dərhal məsələyə müdaxilə edib: "Satıcı səhv bilir, bizdə 1 ədəd yumurtanın qiyməti elə 8 qəpikdir".









