Məktəb dərsliklərimizdə rəzalət - “Böyük Ermənistan qondarması…"
Dərslik siyasəti ölkənin strateji məsələlərindən biridir. Bunu dərslik müəllifləri nəzərə almalıdır. Ancaq təəssüf ki, son illər yazılan dərsliklərdə kifayət qədər nöqsanlar, siyasi-ideoloji problemlər müşahidə edilir. Sanki bu adamlar Azərbaycan dövlətinin yürütdüyü təhsil siyasətindən xəbərsizdirlər. Bəzi dərslik müəlliflərində məsuliyyət hissinin zəifliyi nəticəsində dərsliklərdə nöqsanlara yol verilir.
Xüsusi diqqət tələb edən və dövlətçiliyə, milli şüurun formalaşmasına xidmət etməli olan “Azərbaycan tarixi” dərsliklərində müşahidə edilən bəzi nöqsanlar artıq ziyalılar, ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunur. Bu günlərdə mətbuatda X sinif rus bölməsi üçün hazırlanan tarix dərsliyində Azərbaycan xəritəsinin Ermənistanın daxilində göstərilməsi faktı ilə bağlı məlumat yayıldı. Qeyd edək ki, sözügedən xəritənin ermənilərin xülyası olan “Böyük Ermənistan” xəritəsi olduğu bildirilir.
Azərbaycan X sinif “Vseobşaya istoriya” dərsliyində “Böyük Ermənistan” xəritəsinin yerləşdirilməsi həqiqətən də qəbuledilən hal deyil.
Yeri gəlmişkən qeyd edək ki, bir neçə il əvvəl yenə də rus bölməsi üçün yazılan tarix dərsliyində olduqca böyük nöqsana yol verilmişdi. “Bakı-Xəbər” qəzeti olaraq bu məsələni araşdırmışdıq. Araşdırma zamanı dərslikdə yer alan IV əsrdə baş verən Bizans-Sasani müharibəsindən bəhs edən mətndə göstərilirdi ki, həmin dövrdə bu müharibə nəticəsində “Ermənistan” iki yerə parçalanıb və onun bir hissəsi İranın tərkibində qalıb. Həqiqətən də “Azərbaycan tarixi” dərsliyində belə bir cümlənin yer alması dəhşətli bir mənzərə idi. Axtarsaq, belə siyasi-ideoloji xətalara başqa dərsliklərdə də rast gələ bilərik. İllər əvvəl baş verən bu neqativ halın bu gün oxşarını müşahidə etmək haqlı narazılıq doğurur.
“Böyük Ermənistan” xəritəsinin çap olunduğu X sinif “Vseobşaya istoriya” dərsliyinin həmmüəlliflərindən biri Kamran Əsədov mətbauta açıqlama verərək məsələyə aydınlıq gətirib: “Bu il ilk dəfə olaraq X siniflər üçün hazırlanan dərsliklər kurikulum standartlarına uyğun olaraq yazılıb. Buradakı materiallar da bu səbəbdən əvvəlkilərdən fərqli olmalı idi. Çünki 2008-2009-cu illərdə qəbul olunan standartlara görə tədris proqramı IX sinifdə başa çatmalı, X-XI siniflərdə isə aşağı siniflərdə keçirilən mövzular istifadə edilməmiş materiallar əsasında daha dərin bir şəkildə tədris olunmalıdır. İnsanın olduğu istənilən işdə nöqsan ola bilər, amma o qüsur əsas odur ki, milli, ideoloji və siyasi olmasın. Artıq neçə gündür ki, sosial şəbəkələrdə yalnız və yalnız rus bölməsi üçün tərtib olunan “Ümumi tarix” kitabının 32-ci səhifəsində, yəni Roma mövzusunda Romanın e.ə. II əsr və bizim eranın II əsrinə aid dövrü əhatə edən xəritəsi paylaşılır ki, həmin xəritədə Ermənistanın da adı var.
Təəssüf ki, bəzi tarixdən xəbəri olmayanlar, amma hər hansısa bir məsələdən özünün siyasi ambisiyası üçün istifadə edənlər qeyd edirlər ki, burada söhbət indiki Ermənistanın dediyi “dənizdən-dənizə” xəritəsi göstərilib. O insanların heç birinin tarixdən xəbəri yoxdur, həmin insanlar sabun köpüyüdürlər və onlar Azərbaycan dövlətçiliyinin düşmənləridirlər. Çünki 7 cildlik Azərbaycan tarixinin I cildində, həmçinin, VII sinif “Azərbaycan tarixi” dərsliyində qeyd olunub ki, e.ə. 66-65-ci illərdə Roma sərkərdəsi Pompeyin yürüşü vaxtı, həmçinin, e.ə. 20-ci ildə romalılar bu əraziləri özlərinə tabe ediblər. Həmin mövzuda da heç kimin xəbəri olmadan yalnız xəritəni götürürlər ki, orada Ermənistan adı var. Bilirsiniz, qısa müddətdə ortaya çıxan dərslikdə müəyyən texniki qüsurlar ola bilər. Təbii ki, bu, xoşagələn hal deyil, amma oradakı məsələ heç də savadsız şəxslərin qeyd etdiyi “dənizdən-dənizə Ermənistan” deyil, Romanın xəritəsidir”.
Qeyd edək ki, analoji hadisə ilə bağlı Təhsil Nazirliyi açıqlama yayıb. Nazirlikdən
orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunmasına münasibət bildirərək deyiblər ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib: “Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumtəhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Vseobşaya istoriya” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanıb”.
Qurumdan bildirilib ki, X sinif “Vseobşaya istoriya” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib: “Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib”.
Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Ekspertlər hesab edirlər ki, dəsrliklərə, xüsusən də tarix dərsliyinə nəzarət mexanizmi formalaşdırılmalıdır. Onların fikrincə, dərslik hazırlanması işində Təhsil Nazirliyinin kənarda qalması və bu işin orta məktəb müəllimləri və naşirlərin öhdəsinə buraxılması səbəbindən sözügedən hallar müşahidə edilir.
Təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində bildirdi ki, dəsrlik siyasəti hədsiz həssaslıq, dəqiqlik tələb etdiyi üçün, bu sahəyə nəzarət edilməlidir. O bildirdi ki, Sovet dövründə dərslik hazırlanması üçün xüsusi institut fəaliyyət göstərirdi. “SSRİ dövründə Moskvada Pedaqoji Elmlər Akademiyası fəaliyyət göstərirdi və onun 17 institutu vardı. Ona müvafiq olaraq Azərbaycanda da Azərbaycan Təhsil Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu yaradılmışdı. Həmin institutda bilavasitə tədrislə bağlı proqramlar, dərsliklər, elmi-metodik tövsiyələr və s. hazırlanırdı. Həmin institutun əməkdaşlarının böyük əksəriyyəti dərslik müəllifləri idi. O vaxt dəqiq elmlərlə bağlı dərsliklər Moskvada hazırlanıb Azərbaycan dilinə tərcümə olunurdu. Amma “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Ədəbiyyat”, “Əlifba” və s. dərsliklər isə Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanırdı. Dərslik hazlananda onun müəlliflərindən biri mütləq elm adamı olmalı idi və təbii ki, dərsliklərin yazılmasına orta məktəb müəllimlərini də cəlb edirdilər. Bu, dərsliyin dili, üslubu üçün lazım idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra dərsliklərə yeni baxış yarandı, dərsliklər, bir növ, Təhsil Nazirliyinin nəzarətindən çıxdı. Yəni dərslik yazılışı tender vasitəsilə həyata keçirilməyə başlandı. İxtisasından asılı olmayaraq, kim dərslik yazıbsa, onun dərsliyi tenderdə iştirak edir və tenderdə qalib gələn dərslik nəşr olunur. Söhbət yalnız tarix dəsrliyindən getmir, ümumiyyətlə, dərsliklərdə çox ciddi nöqsanlar var. Məsələn, deyək ki, ibtidai siniflər üçün riyaziyyat dərsliyini yazan mühəndisdir, yaxud başqa bir dərsliyi yazan tamam başqa bir sahənin adamıdır. Bu bir problem. Tenderə üç dərslik təqdim edilirsə, bunun içindən biri seçilərək çap olunur. Problemin ikinci tərəfi ondan ibarətdir ki, bəzən tender élan edilir və ora cəmi bir dəsrlik təqdim edilir, dərsliyin alternativi olmadığı üçün o seçilir”.
N.İsrafilov qeyd etdi ki, dəfələrlə Təhsil Nazirliyi bu məsələnin üzərində dayanıb və dərsliklərin mükəmməl olmasına nail olmaq istəyib. Onun sözlərinə görə, dərsliklərdəki qüsurlar yalnız mütəxəssislər tərəfindən deyil, valideynlər tərəfindən də aşkarlanır: “Bu dərsliklər tender vasitəsilə çap olunsa da, Təhsil Nazirliyinin dərslikləri Qiymətləndirmə Şurası var. Dərsliyi kimin yazmasından asılı olmayaraq, şura dərsliyi ciddi yoxlamalıdır. Deyək ki, nöqsanlar müəlliflərin, naşirlərin gözündən qaça bilər, amma şuranın gözündən qaçmalı deyil. Dərslikləri Qiymətləndirmə Şurasının iki il əvvəl yeni tərkibi formalaşdırıldı. Anlaya bilmirəm ki, bu qədər mərhələdən keçən dərslikdə niyə belə bir qüsur olsun? Hesab edirəm ki, dərslik məsələsinə ciddi fikir verilməlidir. Dərsliklərdə kifayət qədər qüsur, nöqsan var ki, bunu da “texniki səhv” kimi qələmə vermək absurd bir şeydir. Texniki səhv o ola bilər ki, hansısa bir hərf düşsün, söz səhv getsin, yoxsa bir xəritəni gətir qoy dərsliyə, sonra da ona “texniki səhv” de. Belə olmaz. Bu çox ciddi məsələdir. Düşünürəm ki, bu hadisədən sonra dərslik məsələsinə diqqət bir az da gücləndiriləcək. Çünki dərslikdə nöqsan olmalı deyil, o milli-ideoloji məsələdir. Biz onunla şüurlu vətəndaşlar yetişdiririk. Belə kobud səhvlər şübhəsiz ki, təhslilimizə başucalığı gətirən bir hal deyil”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi Zaur Əliyev bu barədə bizimlə söhbətində qeyd etdi ki, aşkarlanan nöqsanlar yolverilməzdir: “Tarix elmi dəqiq deyil. Hər bir dövlət öz tarixini özünə uyğun yazır. Lakin elə real faktlar var ki, onu gizlətmək mümkün deyil. 10-ci sinif dərsliyində uydurma "Böyük Ermənistan" xəritəsi neçə gündür müzakirə olunur. Açıqmalardan belə aydın olur ki, müəlliflər google.az da axtarış veriblər və qarşılarına çıxan xəritəni qoyublar. Həmin xəritədə də "Armenia" yazılıb. Lakin müəlliflər bir balaca da geniş axtarış aparsalar idi, görərdilər ki, Avropada guya hazırlanan bu xəritələrdə “Armenia” deyilən ərazi eyni dövrə aid digər xəritədə “Ariana”, başqasına “PersArmenian”, tam digər bir xəritədə “Arraniya” kimi yazılıb. Almanların arxivlərində olan xəritələrin çoxunda isə “Armenia” yoxdur. Google.comdan qarşılarına çıxan ilk xəritəni kitaba qoyurlar. Lakin araşdırmırlar.
Xəritə hazırlanan zaman ilk növbə bir çox tarixçinin qədim əsərləri oxunmalı və o adlar yerli dilçilərlə müzakirə edilməlidir. Bunun günahı isə tarix elminə cavabdeh olan qurumlarda, alimlərdə və xəritəçəkmə üzrə məsul qurumlardadır.
Azərbaycanın qədim dövr tarixinə aid düzgün xəritələr yoxdur. Xəritələr təkcə özümüzün xəyal məhsulu olmalı deyil. Bir çox qədim mənbələrə və tarixi əsərlərə istinad etməlidir. Ermənilər ərəblərin "Ərməniyyə-ərlərin torpağı" adlandırdığı ərazini çox ustalıqla “Armenia” kimi özününküləşdirdilər. Qriqorian albanlarını erməniləşdirdilər.
Bu səhv təkcə müəlliflərin deyil, bu gün bizdə elmə ciddi yanaşmayanların günahıdır”.
İradə SARIYEVA