Həkim-dietoloq: "Əti düyü, makaron, xəmir məmulatları ilə yemək olmaz"
Son zamanlar artıq çəkidən əziyyət çəkən insanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, xəstəliklərin demək olar 80-90%-nin səbəbi artıq çəkidir.
"Report" həkim-dietoloq Fuad Məcidovla müsahibəni təqdim edir.
- Fuad müəllim, sağlam qidalanmaq və xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?
- Çəkin nə qədər artıqdırsa, xəstəliklərə bir o qədər məruz qalırsan. Çəki artıqlığı həmçinin xoşbəxtlik hormonuna da mənfi təsir göstərir. Bu cür insanlar sevinc hissindən uzaq olurlar. İnsanlarda sanki dieta sözünə qarşı qıcıq yaranıb. Dieta yunan sözü olub, sağlam qidalanmaq deməkdir.
Birincisi, gündəlik 7-8 saat yatmaq lazımdır. Bununla yanaşı, gec saatlarda da yatmaq olmaz. Gecə saat bir və ya ikidə yatdıqda insan bədənində qrelin deyilən iştaha hormonu sintez olunur və nəticədə bizləri gecə oyanıb nəsə yeməyə məcbur edir. Bu isə maddələr mübadiləmizi pozur.
İkincisi, gündəlik ən azı 2 litr su içmək lazımdır. Maddələr mübadiləsini sürətləndirən faktorların ən vacibinin su olduğu sübut edilib. Su dedikdə çay, kofe, şirələr nəzərdə tutulmur. Adi su içmək lazımdır.




