Nazirin deputat qardaşı özünə hələ seçki dairəsi tapmayıb
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsi ilə bağlı qərar verməyib. Bu barədə məlumatı aznews.az-a deputatın özü deyib. Deputat bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib: “Seçkiyə gedib-getməməyimlə bağlı qərar vermədiyim üçün hansı dairədən namizədliyimi irəli sürəcəyimi də müəyyənləşdirməmişəm. Ona görə də əvvəlcədən bununla bağlı heç bir rəy verə bilmərəm”. Qeyd edək ki, Elton Məmmədov 2010-cü ildə keçirilən seçkidə 91 saylı Ucar seçki dairəsindən bitərəf olaraq namizədliyini verib qalib olmuşdu. Yeni Azərbaycan Partiyası builki siyahıda 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.