Ombudsman Aparatı aeroportdakı taksi tariflərini monitorinq edib: “Süni qiymət artımı yaradırlar”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Heydər Əliyev Beynəlxalq Aeroportunda qüvvəyə minən yeni taksi xidməti tarifləri ilə bağlı monitorinq aparıb.
Monitorinqin nəticələrinə əsasən, aeroportda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
“Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur”.
Məlumatda qeyd olunub ki, aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.
Sentyabrın 10-dan Heydər Əliyev Beynəlxalq Aeropotrundan sərnişindaşımalarla bağlı yeni qaydalar qəbul edilib. Bildirilib ki, hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçiriləcək və aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, vurğulandığına görə, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir. Qeyd olunub ki, yeni qaydaların icrasında əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də hava limanındakı yeni tariflərin araşdırıldığını bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və başqa aidiyyəti qurumlar məsələyə münasibət bildirməyib.