Pul bazası azalır: Nə etmək lazımdır? | TƏHLİL
İqtisadi artım üçün maliyyələşdirmə lazımdır. Bu isə pul bazasının həcminə bağlıdır. Pul bazasına dövriyyədə olan pul vəsaitləri ilə Mərkəzi Bankın (AMB) kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir. Ölkədə pul bazasının həcmi cari il sentyabrın 1-nə 21 milyard 121,8 milyon manat təşkil edib. Bu qənaətbəxşdirmi?
AMB-in açıqlamasından da görünür ki, son bir ayda pul bazası 0.57% və ya 121,8 milyon manat azalıb. Ümumiyyətlə, mart ayında bu sahədə artım qeydə alınsa da, sonrakı bütün aylar ərzində pul bazasının azaldığı qeydə alınıb. Düzdür, qeyd oluna bilər, illik müqayisədə 2.8% və ya 571,8 milyon manat artım var. Lakin bu azdır: o səbəbdən ki, il ərzində işgüzar fəallıq üçün yarım milyondan cüzi artıq vəsait qaneedici deyil.
Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% olub. Yəni, Ümumi Daxili Məhsul (ÜDM) 126,3 milyard manat təşkil edərək, əvvəlki illə müqayisədə 4,1% artıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3%, qeyri-neft-qaz sektorunda isə 6,2% yüksəlib.
Pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici və təsiredici əhəmiyyətə malikdir. Onun həcmi elə müəyyən olunmalıdır ki, nə inflyasiya baş versin, nə də işgüzar fəallıq ləngisin. Bu hər bir hökumətin qarşısında duran həlli çox çətin məsələlərdən sayılır.
Pul bazası əsas etibarilə adətən, Mərkəzi Bank tərəfindən uçot dərəcəsi vasitəsilə bir tərəfdən banklara verilən kreditlərin ucuzlaşdırılması, yəni əlavə kredit resurslarının verilməsi və yaxud da əlavə pul emissiyasının həyata keçirilməsilə, digər tərəfdən isə bahalaşdırılması və yaxud maliyyə bazarında müvafiq əməliyyatlar keçirməklə dövriyyədə olan mövcud vəsaitin bir hissəsinin çıxarılması yolu ilə idarə olunur. Bizdə AMB uçot dərəcəsi haqda qərarlar qəbul edərkən həmişə inflyasiyanı, ölkədə istehlak qiymətləri indeksini nəzərdən keçirdir. Bu da "Mərkəzi Bank haqqında" qanunun 31-ci maddəsinin 2-ci bəndindən irəli gəlir. Orada yazılıb ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır. Sözügedən bənd AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini və təsir dairəsini, imkanlarını məhdudlaşdırır.
Keçən ilin may ayından bəri AMB uçot dərəcəsini 7%-dən yuxarıda (7,25%) saxlayırdı, yalnız keçən ayda bu göstəricini 7%-ə endirdi. Niyə?! Çünki inflyasiya yüksək idi. 2024-cü ildə illik inflyasiya 4,9% olub. 2023-cü ildə bu rəqəm 2,1% təşkil etmişdi. Cari ildə isə temp aşağı düşməyə başladı. Ona görə də AMB-nin uçot dərəcəsini endirəcəyi aydın idi.
Ancaq hesab edirəm ki, hazırkı inflyasiya səviyyəsi ilə əlaqədar 7% yenə yüksək xarakterik daşıyır. Bu iqtisadi artımı buxovlayan, iqtisadi inkişafı stimullaşdırmaq üçün məhdudlaşdırıcı xarakter daşıyan amil hesab olunur. Çünki pul bazasının azalmasını müşahidə edirik. Əsas səbəb məhz bundan ibarətdir.
Odur ki, uçot dərəcəsi bir az da aşağı salınsa yaxşıdır. Bu, ölkədə pul bazasının genişlənməsinə təkan verər. Ümumiyyətlə, ölkədə pul bazasının genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən pul-kredit siyasətinin bir qədər yumşaldılmasını məqsədəuyğun hesab edərdim.
Lakin o da var ki, ölkədə pul-kredit siyasətinin bazar iqtisadiyyatının qanunlarına və tələbinə əsasən formalaşdırılıb, həyata keçirilməsi üçün real sektor qarşılıqlı rəqabət, müvafiq stimullaşdırıcı mexanizm, mənfəət və səmərələlilik prinsipləri əsasında inkişaf etməlidir. Əks təqdirdə, pul bazasının artması və yaxud azalmasına dair göstərici özünü elə həmişə səbəb yox, nəticə rolunda büruzə verəcək.
Pərviz Heydərov