Sosial şəbəkədə biz:
ŞƏT-ə üzvlük Azərbaycana hansı iqtisadi üstülüklər və təhdidlər yarada bilər?
Xəbər Şəkli

ŞƏT-ə üzvlük Azərbaycana hansı iqtisadi üstülüklər və təhdidlər yarada bilər?

03 September 2025, 09:03
Gündəm

Bir neçə gündür ki, dünyanın diqqəti Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitinə yönəlib. Sammitdə verilən mesajlar və imzalanan razılaşmalar beyin mərkəzlərinin diqqətindədir.

Qeyd edək ki, 2001-ci ildə yaradılan bu təşkilatın əsas məqsədləri regional təhlükəsizlik və sabitliyin təmin olunması, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı, həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi göstərilir. Hazırda Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan, Özbəkistan və Belarus tamhüquqlu üzvlərdir. ŞƏT dünya əhalisinin təxminən 40 faizini və dünya iqtisadiyyatının təqribən 25–30 faizini əhatə etdiyinə görə nüfuzlu beynəlxalq təşkilatlardan biri hesab olunur.

Bundan əlavə, Azərbaycan da daxil olmaqla, 13 ölkə “dialoq üzrə tərəfdaş” statusunda təşkilatda təmsil olunur. Qafqaz ölkələri arasında Azərbaycan və Ermənistan ŞƏT-lə əməkdaşlıq edir. Rəsmi Bakı yenidən üzv olmaq üçün müraciət etsə də, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü yenidən bloklayıb. Pakistan isə Ermənistanın üzvlüyünü bloklayır.

Ümumiyyətlə, 2015-ci ildən etibarən mütəmadi olaraq ŞƏT sammitlərində iştirak edən Azərbaycanın bu təşkilatdan əsas gözləntiləri maraq doğurur.

ŞƏT nizamnaməsində üzv dövlətlərin təhlükəsizliyi təmin etməyə dair öhdəlikləri nəzərdə tutulsa da, təşkilat daha çox iqtisadi blok kimi fəaliyyət göstərir. Hətta təhlükəsizlik sahədə inteqrasiya üçün Regional Antiterror Strukturu təsis olunub.

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatında bir-birinə zidd mövqelərdə olan dövlətlər toplaşıb:

“Çin-Hindistan, Pakistan-Hindistan münasibətləri ziddiyyətlidir. Hətta bu yaxınlarda Pakistanla Hindistan arasında hərbi qarşıdurma baş verdi. Prinsipcə, belə regional təşkilatların olması vacibdir. Amma mövcud vəziyyətə baxdıqda, ŞƏT daxilində real əməkdaşlıq əlaqələri mövcud deyil.

Təşkilatda antiterror mərkəzinin yaradılması nəzərdə tutulur. Amma Hindistan və Pakistan antiterror məsələsində necə əməkdaşlıq edə bilər? Onlar bir-birlərini terrorizmdə ittiham edirlər. Təəssüf ki, bəzi təşkilatlar bəyanatlarında guya qlobal qaydaların tətbiqinə maraqlı olduqlarını bildirirlər, amma əslində anti-Qərb mövqeyi nümayiş etdirirlər. Şanxay təşkilatının bəzi üzvləri eyni zamanda BRİCS-lə də əməkdaşlıq edirlər. BRİCS isə anti-Qərb mövqeyi nümayiş etdirir. Halbuki, necə Qərblə düşmənçilik edə bilərlər ki, onların əsas ticarət tərəfdaşları Avropa Birliyidir? 

İqtisadiyyat nağıl deyil ki, yeni bazarlar asanlıqla tapılsın. Məsələn, Rusiya yeni bazar tapa bilir? Bazar itirmək asandır, amma yenisini tapmaq çox çətindir.”

ŞƏT-in beynəlxalq iqtisadi bloka çevrilməsini də Rauf Mirqədirov perspektivsiz hesab edir. Onun fikrincə, təşkilata üzv dövlətlər arasında inamsızlıq var və konkret hədəflər müəyyən edilməyib:

“Əgər bu, həqiqətən real iqtisadi əməkdaşlıq təşkilatı olsaydı və qlobal iqtisadiyyata fokuslana bilsəydi, burada Yaponiya və Cənubi Koreya da iştirak etmək hüququna malik olardı. Amma regionun ən güclü iqtisadiyyatlarından olan bu iki dövlət Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunmur. Əgər Şimali Koreya dəvət edilirsə, Cənubi Koreya burada niyə iştirak etmir? Belə şəraitdə təşkilat daxilində real əməkdaşlıq imkanları hələ ki, çox məhduddur”.

Onun fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da təşkilat daxilində yeni ziddiyyətlər yaradıb:

“Bu ziddiyyətlər iqtisadi əməkdaşlığı demək olar ki, ciddi şəkildə məhdudlaşdırır. Rusiyaya qarşı böyük sanksiyalar tətbiq olunub və bu sanksiyalar onun xarici, o cümlədən Şanxay Əməkdalıq Təşkilatı ölkələri ilə əməkdaşlığını zəiflədir. 

Habelə, Mərkəzi Asiya ölkələrinin də Çin və Rusiya ilə münasibətlərində gərginliklər mövcuddur. Bəzən bu dövlətlər Çini və Rusiyanı özlərinə qarşı təhdid kimi görürlər. Bu baxımdan real əməkdaşlıq imkanları geniş deyil. Nəzərə almaq lazımdır ki, təhdidlər müəyyən qarşıdurmalara gətirib çıxarır. Həmin təşkilatın tərkibində əməkdaşlıq konturları yoxdur. Məsələn, Avropa Birliyi təkcə siyasi əməkdaşlıqla kifayətlənmir, həm də iqtisadi imtiyazlar təqdim edir. Orada ümumi bazar yaradılıb, gömrük məhdudiyyətləri aradan qaldırılıb, rifah səviyyəsinin yaxınlaşdırılması üçün proqramlar və öhdəliklər mövcuddur. Amma Şanxay Əməkdaşlıq Təşkilatının yaxın perspektivdə belə iqtisadi əməkdaşlığa nail olacağına inam yoxdur.

Siyasi inteqrasiya da şübhə altındadır. Məsələn, Hindistan və Pakistanın ciddi iqtisadi əməkdaşlığını necə təsəvvür etmək olar ki, onlar cəmi iki ay əvvəl bir-birilə müharibə aparıblar? İqtisadi maraqlar mövcud olsa da, siyasi problemlər bu əməkdaşlığın qarşısını kəsir. Ancaq ortaq layihələr mümkündür. Məsələn, Orta Dəhlizin genişləndirilməsi layihəsində buradakı bütün bu dövlətlər maraqlıdırlar.

Ümumilikdə, Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatların müəyyən perspektivi var, amma bu, çox dumanlı bir perspektivdir. Ciddi təşkilata çevrilmək baxımından problemlər mövcuddur. Mərkəzi Asiya ölkələri həm Çindən, həm də Rusiyadan ehtiyat edirlər. Təhdid kimi gördükləri dövlətlərlə tam inteqrasiya isə mümkün deyil”.

Bəs təşkilata üzvlük Azərbaycana hansı iqtisadi üstünlüklər qazandıra bilər?

Azərbaycan Prezidenti İlham Əliyevin Tiencindəki sammitdə çıxışından bəlli olur ki, rəsmi Bakının əsas hədəfi Orta Dəhliz layihəsində öz maraqlarını və təkliflərini irəli sürməkdir:

“Azərbaycan, Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb”, – İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur:

“2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarını daha da genişləndirəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək, sülhü və çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək, Azərbaycan sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Siyasi şərhçi Rauf Mirqədirov da hesab edir ki, Azərbaycanın müəyyən şərtlərlə ŞƏT-lə əməkdaşlıq etməsi müsbət haldır:

“Əgər məqsəd qlobal cənub dövlətləri sırasında yer almaqdırsa, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Amma iqtisadi maraqlar və Orta Dəhlizin inkişafı nəzərdə tutulursa, bu, Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanın bu coğrafiya ilə əməkdaşlığında Orta Dəhlizdən başqa ciddi perspektiv görmürəm. Digər tərəfdən, ŞƏT-lə əməkdaşlıqda müəyyən təhdidlər də mövcuddur. Məsələn, Azərbaycanla Çin arasında ticarət dövriyyəsinə baxdıqda, böyük disbalans görünür. Ötən il Çinlə ticarət dövriyyəmiz 3 milyard 744 milyon dollar təşkil edib. Bunun 3,7 milyard dolları idxal, cəmi 19,7 milyon dolları isə ixrac olub. Yəni çox böyük disbalans mövcuddur. Azərbaycanın Çinə ixrac imkanları məhduddur, amma Çin asanlıqla daxili bazarımızı ələ ala bilər. Bu isə iqtisadi və siyasi asılılıq yarada bilər.

Son dövrlər bunun siyasi əlamətləri də görünür. Azərbaycan hökuməti USAID-i, xarici fondları ölkədən qovdu, “Rusiya Evi”ni bağladı. Amma Çinlə imzalanan strateji əməkdaşlıq çərçivəsində Konfutsi İnstitutu Azərbaycanda fəaliyyətə başlayıb. Halbuki bu institutun istifadə etdiyi alətlər USAID və ya Rusiya Evindən fərqlənmir. Eyni yumşaq güc, qrantlar, layihələr və təhsil proqramlarıdır.

Avropa universitetlərində oxuyan tələbələrin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunması riski o qədər də böyük deyil. Amma Çin xüsusi xidmət orqanları fərqli işləyirlər. Köhnə sovet orqanlarının metodlarını xatırladır. Bu baxımdan Çin Azərbaycanın üzərində daha ciddi təhdid yarada bilər”.