Seyran Səxavət: Başımıza elə oyun açdılar ki, dədəmizin toyu yadımıza düşdü
“Bu, yəqin ki, dünya çepionatını sonuncu dəfə izləməyim olacaq. Daha baxmayacağam, çünki artıq maraqsızdır. 30 il bundan əvvəl futbol daha baxımlı idi. İndi bütövlüklə biznesdir, nəticəyə oynayırlar”.
Bu sözləri “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib.
O, Türkiyə və İspaniya millilərinə azarkeşlik etdiyini deyib: pizza sifarişi
“Dünya çempionatına imkan olduqca baxıram. Doğrudur, yayım saatlarına görə baxmaq çox çətindir, amma baxırıq. Camaat şirin yuxuda olanda biz futbola baxırıq. Mən azarkeşlik etdiyim komandalara – Türkiyə və İspaniya oyunlarına mütləq baxıram.
Türkiyə millisinin ilk oyununa baxdım. Hamı kimi mən də istəyirdim ki, Türkiyə həmin oyunda qalib olsun. Amma bu, futboldur, istəməklə iş düzəlmir, gərək onu əldə edəsən.
Bir dəfə Türkiyəyə görə möhkəm sevinmişəm, 2002-ci ildə. Həmin vaxt Türkiyə ilə Baraziliya oynayırdı. Elə oyun başlayan kimi Türkiyə Braziliyaya bir qol vurdu, hesabı açdı. Qolu Hasan Şaş vurdu. Amma sonra peşman olduq. Braziliya elə Braziliyadır, onların mexanizmi hərəkətə gəldi, başımıza bir oyun açdılar ki, dədəmizin toyu yadımıza düşdü. Amma indi bu cür oyun yoxdur, maraqsızdır”.
S.Səxavət əlavə edib ki, müasir dövrdə futbol da iqtisadi maraqların təsiri altına düşüb və bu da ümumi dəyərlərin zəifləməsinə səbəb olub:
“Bilirsiniz, artıq dünyada bazar iqtisadiyyatıdır, hər şey yaddan çıxıb. Futbol da bunun qurbanı olub, mənim üçün futbol da bazar iqtisadiyyatıdır.
Təxminən, 63 il əvvəl Braziliya yığması futbola şahlıq edirdi. Pele, Karinça, Didi, Vala, qapıçı Gilmar kimi futbolçular vardı.
Yeri gəlmişkən, Gilmarın boyu çox hündür idi, onun qapısına ilk dəfə qol vuran sovet futbolçusu bakılı balası Anatoli Banişevski olub.
Bu gün həyatımızın hər nöqtəsinə bazar iqtisadiyyatı deyilən murdarlıq şahlıq edir. Ona görə də bu gün nə insanın dəyəri var, nə də dəyərin dəyəri... Heç nəyin dəyəri qalmayıb. Bəşəriyyət təpəsi aşağı, məhvə doğru gedir.
Qarabağ tərəfdə hər şeyi pulla ölçən adamlara “bazar adamı” deyirdilər. Bu gün bütün dünya “bazar adamı” olub”.
Seyran Səxavət DÇ_2026-da yapon azarkeşlərini nümunə göstərərək bildirib ki, onlar oyundan sonra tribunaları təmizləyirlər. Yazıçı bunu mədəni davranış kimi qiymətləndirib və belə vərdişin azərbaycanlı azərkeşlərdə yoxluğundan gileylənib:
“Yaponlarda bu adətdir. Azərbaycanda belə şeylər nadir hallarda olur. O gün 4-cü mikrorayonda bir evə qonaq getmişdim, məhəllə çox gözəl idi, nümunəvi məhəllə adalandırmaq olardı, idman qurğuları, oyun meydançaları, yaşıllıqları vardı. Məndə adətdir, həmişə səhər tezdən qalxıb gəzintiyə çıxıram, qonaq olduğum evdə də bunu etdim. Səhər gördüm ki, o cür gözəl məhəllədə hər zibil yerdədir, axşamdan qalma tum qabıqları, sellofanlar, yumurta qabıqları və s. Mənə ağır olsa da, başa düşürdüm ki, bu, bizim kütlənin portretidir. Sanki həmin tör-töküntülərə baxdıqca, onların üzünə baxırdım.
İki cür adam var: ev adamı, evin və çölün adamı. Ev adamı ancaq öz evini təmiz saxlayır, digəri isə həm evini təmiz saxlayır həm də ətrafı öz evi olaraq görür və təmiz saxlayır”.