Statistika Komitəsinin iqtisadiyyatla bağlı rəqəmləri nədən xəbər verir?
Dövlət Statistika Komitəsi Azərbaycan iqtisadiyyatına dair 2026-cı ilin ilk 5 ayının makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi statistikaya əsasən, ümumi daxili məhsul (ÜDM) illik müqayisədə 0.0%-ə dəyişərək sabit qalıb.
Bəs bu vəziyyət nə ilə bağlıdır, iqtisadiyyatı hansı risklər gözləyir və durğunluq təhlükəsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışarkən iqtisadçı Rəşad Həsənov iqtisadi artımın zəifləməsini 2 əsas səbəblə əlaqələndirib:
“Birincisi, neft sektorunda geriləmənin davam etməsi. Bu, gözlənilən idi. İkincisi isə qeyri-neft sektorunun iqtisadi artıma gözlənilən töhfəni verə bilməməsi. Yəni tikinti sektorunda müşahidə olunan geriləmə. Bu sahədə dörd ayın yekunlarına görə təxminən 19 faiz azalma qeydə alınıb.
Tikinti sektorundakı zəifləmə, əsasən, dövlət investisiyalarının azalması ilə bağlıdır. Rəsmi göstəricilər göstərir ki, ilin ilk 4 ayında dövlət investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25% və ya 650 milyon manat azalıb. Bu, tikinti sektorunun, əvvəlki illərdə olduğu kimi, iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri olmasına imkan verməyib”.
İqtisadçı qeyd edib ki, digər sahələrdəki artım iqtisadiyyatın ümumi inkişaf tempini yüksəltməyə kifayət etmir:
“Xidmət sektorunun inkişaf imkanları da həm regional, həm də qlobal iqtisadi proseslərin təsiri altında məhdudlaşır”.
R.Həsənov qeyd edib ki, uzunmüddətli inkişaf üçün islahatlar gücləndirilməlidir, əks halda, sabit iqtisadi artım çətin olacaq:
“Əgər hökumət orta müddətli dövrdə fiskal məhdudlaşdırma siyasətini davam etdirərsə və büdcə xərclərinin artırılmasına getməzsə, Azərbaycan iqtisadiyyatı yaxın illərdə durğunluq mərhələsi ilə üzləşə bilər. Çünki indiyədək tətbiq olunan iqtisadi model əsasən dövlət xərcləri hesabına formalaşan artıma söykənib. Həmin model isə artıq əvvəlki imkanlarını böyük ölçüdə tükədib.
Bununla yanaşı, müsbət məqam ondan ibarətdir ki, son dövrlərdə mövcud vəziyyət aidiyyəti qurumlarda da narahatlıq doğurmağa başlayıb. Ümid etmək olar ki, iqtisadi siyasətdə yeni yanaşmalar tətbiq ediləcək və iqtisadiyyatın inkişafı üçün daha effektiv mexanizmlər formalaşdırılacaq.
Qısa müddətdə iqtisadi aktivliyin bərpası əsasən dövlət xərclərinin və investisiya qoyuluşlarının artmasından asılı olacaq. İlin ikinci yarısında büdcə xərclərinin genişlənməsi baş verərsə, hazırkı zəifləmə meylləri müəyyən qədər neytrallaşa bilər.
Uzunmüddətli perspektivdə isə əsas həll yolu iqtisadi islahatların dərinləşdirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və xarici investisiyaların cəlb olunmasıdır. Fundamental islahatlar aparılmadan və daha açıq, rasional iqtisadi siyasət formalaşdırılmadan Azərbaycan iqtisadiyyatının yüksək və davamlı artım tempinə nail olması çətin görünür”.