Sosial şəbəkədə biz:
Strateji Tərəfdaşlıq Xartiyasının icrası müzakirə olunub
Xəbər Şəkli

Strateji Tərəfdaşlıq Xartiyasının icrası müzakirə olunub

15 April 2026, 15:46
Gündəm

Bu gün, aprelin 15-də Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

"Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji, ticarət, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib", - məlumatda vurğulanır.

"Tərəflər həmçinin nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektorun iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar", - XİN əlavə edir.

Xatırlatma

Bu il fevralın 10-da Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens imzalamışdı.

Sənəddə tərəflər regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik da daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləyirlər. Həmçinin bildirilib ki, Azərbaycan və ABŞ mülki nüvə enerjisi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalamışdı. Xartiya həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib.

Ötən ilin avqustunda Vaşinqtonda habelə prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Orada "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib.