Təbrizdən müharibə gündəliyi: Həmid Herisçi ABŞ zərbələri fonunda gördüklərini yazdı
Hazırda Təbrizdə olan tanınmış yazıçı Həmid Herisçi sosial media hesabında “Təbriz gündəliyi”nin daha bir hissəsini yayımlayıb.
İranda sosial şəbəkələrə giriş və oradan paylaşım etmək ciddi şəkildə məhdudlaşdırıldığı üçün yazıçı gündəliklərini birbaşa yayımlaya bilmir. Bu səbəbdən onun qeydlərinin paylaşılmasını həyat yoldaşı, tanınmış telejurnalist İlhamiyyə Rza həyata keçirir.
İlhamiyyə Rzanın Musavat.com-a verdiyi məlumata görə, Həmid Herisçi müəyyən üsullarla gündəliyinin hissələrini WhatsApp vasitəsilə ona göndərə bilib. O isə bu qeydləri hazırlayaraq yazıçının Facebook hesabından paylaşır.
Dünən bu gündəliklərin bir hissəsi Musavat.com platformasında dərc olunmuşdu. Bu gün isə yazıçının daha iki gündə yaşadıqlarını əks etdirən yeni qeydlər təqdim olunur. 
Yazıçı Həmid Herisçi Təbrizə müharibə başlamazdan əvvəl gedib. Onun sözlərinə görə, səfərin məqsədi ata-babadan qalan mülklərin satışı ilə bağlı məsələləri dəyərləndirmək idi. 
Musavat.com yazıçının son qeydlərini olduğu kimi təqdim edir.
Təbriz gündəliyi
12 mart
ABŞ təyyarələri uzaq məsafələrdən səmaya qalxıb, Təbrizdəki bir çox hərbi ünvanları nöqtə atəşi ilə vaxtaşırı vururlar.
Təbrizdəki məşhur Aşura diviziyasının qərargah binası da dünənlərdə bu uzun qara siyahıya qoşulub.
Səttarxanın nəticəsi Sami Sərdar-e Milli mənə uzaqdan bu qaralmış qərargah binasını göstərdi.
Şərhləri qulağımı isitdi.
– Şəkil çəkmək yasaqdı.
Ətrafdakı müşahidə kameralarını gözləri ilə göstərdi.
– Diqqətli ol. Təpəgözlər baxır burda.
Cümləsinin sonunda bədii istedadını partlatdı, parıldatdı:
– Sən Basat deyilsən.
Bəzi cari siyasi hadisələrin ssenarisi dəmir, şifrəli seyflərdə deyil, ən adi Hollivud filmlərində qorunur. Gizlədilir.
Bu X fayllardır. Onların fəallaşması siyasi sinoptiklərdən, hava haqqında məlumatlardan asılıdır.
İran–ABŞ qarşıdurmasının psixoloji, məxfi ssenarisi də elə aşkarda gizlədilib.
Rejissor Darren Aronofski hələ 2008-ci ildə reslinq – qaydasız döyüş mövzusunda bir film çəkib. Film “Restler” adlanır.
Sponsoru Trampdır.
Orada qocaman qladiator Robin Ramzimski görün kimlə – Ayətullah adlı iranlı qladiatorla öz son döyüşünə hazırlaşır.
“Ram jam” adlı tək zərbə ilə bu Ayətullahı məhv edir.
Zərbə maraqlıdır. Ramzimski kəndirlə yuxarı qalxaraq oradan Ayətullahın üzərinə atılır.
Qısası, deyilənə görə, bu filmi reslinq həvəskarı Donald Tramp sifariş edib.
Filmə baxın.
İndiki qarşıdurmanın əsl gizli ssenarisi oradadır – bu filmdə.
Şirlər adətən aşkarda gizlədilir.