Sosial şəbəkədə biz:
“Yaxın Şərqdə baş verən proseslər fonunda qaz qiymətləri xeyli yüksələcək” - PROQNOZ
Xəbər Şəkli

“Yaxın Şərqdə baş verən proseslər fonunda qaz qiymətləri xeyli yüksələcək” - PROQNOZ

16 March 2026, 13:50
Gündəm

“Abşeron” qaz-kondensat yatağının 2023-cü ilin iyulunda hasilatına başlanılan birinci etapından 1.5 milyard kubmetr qaz tədarük edirik. Bu həcm bütövlükdə Azərbaycanın daxili bazarını ödəyir”.

Bu sözləri “Yeni Sabah”a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O bildirib ki, “Abşeron 2” layihəsindən çıxarılan qazın böyük həcmi xarici bazarlara tədarük üçün nəzərdə tutulub:

“Ancaq 2029-cu ilin sonunda istismarına başlanılacaq “Abşeron 2” layihəsindən əlavə 4.5 milyard kubmetr qaz hasil ediləcək. Bunun böyük hissəsi xarici bazarlara göndəriləcək. Doğrudur, həcm olaraq “Şahdəniz” qaz yatağı qədər olmasa da, istənilən halda 6 milyard klubmetr qazdan söhbət gedir. Müqayisə üçün deyim ki,  “Azneft” İstehsalat Birliyi bütün yataqlarından 6 milyard kubmetr qazı ancaq çıxarır”.

Ekspert vurğulayıb ki, sözügedən qaz yatağından hasil ediləcək qazın yarısını Türkiyə alacaq:

“Artıq bu ilin əvvəlindən “Abşeron” qaz yatağının 2-ci mərhələsi üzrə çıxarılacaq qazın yarısını Türkiyə 15 il ərzində Azərbaycandan tədarük etməklə bağlı müqavilə imzalayıb. Bu müqavilə illik 2.25 milyard kubmetr qazın qardaş ölkəyə tədarükü deməkdir. Həmin yataq həm artan daxili tələbatı ödəmək, həm də Azərbaycanın xarici bazarlarda mavi yanacağını satması üçün kifayət qədər töhfə verən layihə olacaq”.

İ.Şaban qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslərin fonunda dünya bazarında qaz qiymətləri xeyli yüksələcək:

“Ümumiyyətlə, cari il üçün istər Avropa, istərsə də Asiya bazarında qaz qiymətləri yüksək olacaq. Əgər ötən il Avropada qazın orta satış qiyməti təqribən 400 dollar, 2024-cü ildə isə 360 dollar idisə, bu il orta qiymət bəlkə də 500 dollardan yuxarı həddə ola bilər. Hazırda elə 600 dollar ətrafında dolaşır. Avropa ölkələri sırf hava şəraitindən doğan məsələlərə görə, payız-qış mövsümündə yeraltı qaz anbarlarındakı ehtiyatları həddən çox istifadə etdilər. Həmin ehtiyatların həcmi 110 milyard kubmetrdir. Bunun yerini doldurmaq üçün aprel-oktyabr aylarında istifadə olunan həcmləri bazardan kifayət qədər sifariş etməlidilər. Artan tələbat isə qazın qiymətini artıracaq”.

Müsahibimiz sonda deyib ki, İran və ABŞ arasında baş verən son toqquşmalar enerji daşımalarının qiymətini kəskin şəkildə artırıb:

"Digər tərəfdən, Qətər kimi dünyanın tanker daşımaları üzrə lider ölkəsi 2 həftədir ki, Hörmüz boğazından dünya bazarlarına qaz göndərmir. Qətər həm də qaz yataqlarından hasilatı kifayət qədər azaldıb. Üstəlik hələlik münaqişənin nə zaman bitəcəyini bilmirik. Ona görə də belə vəziyyətdə enerji daşıyıcılarının qiymətlərinin yüksək olması obyektiv səbəbdir”.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında ilk təbii qazın hasilatına 2029-cü il sentyabrın 1-də başlanılacağı planlaşdırılır.

Xatırladaq ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.