Sosial şəbəkədə biz:
32 mindən çox fərdi sahibkar fəaliyyətini dayandırıb
Xəbər Şəkli

32 mindən çox fərdi sahibkar fəaliyyətini dayandırıb

08 March 2026, 09:35
İqtisadiyyat

Son üç ildə Azərbaycanda fiziki şəxs qismində uçotda olan fərdi sahibkarların sayı kəskin şəkildə azalıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Sahibkarlıqda gender statistikası” məlumatlarına əsasən, 2025-ci ildə fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarların sayı 80,7 min nəfər təşkil edib.

2023-cü ildə 113,3 min olan fərdi sahibkar sayı 2025-ci ilin sonuna qədər təxminən 29 faiz azalıb. Bu, cəmi üç il ərzində 32,5 min kiçik biznes subyektinin bazardan çəkilməsi və ya fəaliyyət formasını dəyişməsi deməkdir.

Azalma həm qadın, həm də kişi fərdi sahibkarlar üzrə müşahidə olunur. Belə ki, 2023-cü ildə fərdi sahibkarların 35,4 mini qadın, 78 mini isə kişi olub. 2024-cü ildə fərdi sahibkarların sayı 87,9 min nəfərə enib. Bu dövrdə qadın sahibkarların sayı 27,5 minə, kişi sahibkarların sayı isə 60,4 minə düşüb. 2025-ci ildə isə 26 min qadın və 54,7 min nəfər kişi sahibkar fiziki şəxs uçotunda fəaliyyət göstərib.

Üç illik müqayisədə qadın fərdi sahibkarların sayı 26,4 faiz, kişi fərdi sahibkarların sayı isə 30 faiz azalıb. Ümumi statistika göstərir ki, ən kəskin azalma 2024-cü ildə baş verib. Həmin il bazarı tərk edən fərdi sahibkarların sayı sürətlə artıb, lakin 2025-ci ildə bu temp nisbətən aşağı düşüb.

Ekspertlərə görə, bu, 2024 və 2025-ci illərdə vergi qanunvericiliyində edilən dəyişikliklərlə bağlıdır. Belə ki, 2024-cü ildə mikro-sahibkarlar üçün gəlir vergisi güzəştlərində əsaslı dəyişikliklər tətbiq olunub. Əvvəllər dövriyyəsi 200 min manatadək olan mikro-sahibkarlar gəlirlərinin 75 faizini vergidən azad edirdilər. Yəni onlar yalnız gəlirlərinin 5 faizini vergiyə cəlb edirdi. 2024-cü ildə isə 75 faizlik güzəşt yalnız ən azı 3 muzdlu işçi saxlayan mikro-sahiblərə şamil olunmağa başladı. Bu, təkbaşına işləyən minlərlə vergi ödəyicisi üçün vergilərin 4 dəfə – 5 faizdən 20 faizə qədər artması demək idi. Nəticədə, 2024-cü ilin ilk aylarından etibarən kütləvi şəkildə fəaliyyətin dayandırılması və VÖEN-lərin bağlanması müşahidə olundu. Buna görə də, İqtisadiyyat Nazirliyi 2025-ci ildə vergilərə edilən dəyişikliklə illik gəliri 45 min manatadək olan müəyyən xidmət sahələri üçün “3 işçi” şərtini ləğv etmək məcburiyyətində qaldı.

Mikro və kiçik sahibkarlardan fərqli olaraq, kommersiya qurumlarında hüquqi şəxs olan təsisçilərin gender tərkibini təhlil etdikdə qadınların sayının artdığı görünür. Belə ki, korporativ sektorunda qadınların rəhbərlik və təsisçilikdəki payı 2023-cü ildəki 16-18 faiz səviyyəsindən 2025-ci ildə 19,6 -21,4 faizə yüksəlib. Hələ ki, kişilərin şirkət idarəçiliyində payı dominant olaraq qalır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyon 454 min nəfər təşkil edib və onların təqribən 670 minə yaxını aktiv vergi ödəyiciləridir. Hər iki statistika eyni qurumdan götürülsə də, aralarındakı fərqin səbəbini iqtisadçılar qeyri-müəyyən və manipulyativ hesab edirlər. Vergi Xidmətinin gender statistikası konkret vergi uçotunda olan fiziki şəxslərin sayını göstərir, iqtisadçılara görə isə aktiv vergi ödəyiciləri üzrə statistika daha geniş çevrəni əhatə edir. Buraya ölkədə real sahibkarlıqla və xidməti müqavilə ilə fəaliyyət göstərən bütün vergi ödəyiciləri də şamil edilir.

Məsələn, ilkin baxışdan aktiv vergi ödəyicilərinin sayının 600 mindən çox fiziki şəxslərin olması ölkədə iqtisadi fəaliyyətin kifayət qədər geniş olduğunu göstərə bilər. Lakin digər statistik göstəricini təhlil etdikdə, real sahibkarların sayının ümumi vergi ödəyicilərinin tərkibindən çox az olduğu görünür. Eyni zamanda onların sayında kəskin azalma sahibkarlıq mühiti ilə bağlı narahatlıq doğurur.

Bu baxımdan iqtisadçılar sahibkarlıq statistikalarının daha aydın və şəffaf formada təqdim edilməsini vacib hesab edirlər. Xüsusilə aktiv sahibkarların sayı və onların fəaliyyət sahələri barədə məlumatların daha şəffaf şəkildə açıqlanması həm iqtisadi analizlər, həm də mübahisəli statistikanın aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu düşünürlər.