Sosial şəbəkədə biz:
ABŞ biznesi Azərbaycanda 8 milyard dollarlıq sazişlər bağladı
Xəbər Şəkli

ABŞ biznesi Azərbaycanda 8 milyard dollarlıq sazişlər bağladı

03 June 2026, 08:21
İqtisadiyyat

"Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur".

Bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də keçirilən ilk Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr isə bildirib ki, Vaşinqton Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. O qeyd edib ki, tərəflər iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət, tranzit, investisiyalar, enerji və rəqəmsal inkişaf məsələlərini ətraflı müzakirə ediblər: "Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik".

ABŞ rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində və ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır: "Bu həftə ABŞ şirkətləri 8 milyard dollardan çox həcmdə sazişlər imzalayıb. Bu razılaşmalar təkcə enerji sektorunu deyil, həm də investisiya fondlarının, o cümlədən "Apollo" kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir".

K.Orr əlavə edib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən "Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) çərçivəsində yeni infrastruktur dəhlizinin formalaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin dəhliz multimodal xarakter daşıyaraq yalnız sərnişindaşımaları deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcək. AzerTac