Sosial şəbəkədə biz:
Azərbaycanda bankların sayı azalır: Ramiz Mehdiyevin ailəsinə məxsus “Bank BTB” artıq BOKT olacaq
Xəbər Şəkli

Azərbaycanda bankların sayı azalır: Ramiz Mehdiyevin ailəsinə məxsus “Bank BTB” artıq BOKT olacaq

07 March 2026, 08:17
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə ilkin razılıq verib.

Qərar Mərkəzi Bankının İdarə Heyətinin martın 5-də qəbul etdiyi qərarla verilib.

Mərkəzi Bankın martın 6-da yaydığı məlumata görə, qərar bankın öz müraciəti əsasında qəbul olunub və yenidən təşkil prosesi qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu proses çərçivəsində “Bank BTB” ilə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) arasında aktiv və passivlərin ötürülməsi barədə müqavilə imzalanıb.

Mərkəzi Bank bildirir ki, müqaviləyə əsasən, “Bank BTB”də depozitləri olan müştərilər razılıq verdikləri halda vəsaitlərini eyni şərtlərlə ABB-də saxlaya biləcək və ya pullarını geri ala biləcəklər.

“Bu müqaviləyə uyğun olaraq, ‘Bank BTB’ ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq”, – məlumatda deyilir.

Həmçinin bank qarşısında kredit və ya digər öhdəlikləri olan müştərilərin borcları üzrə tələb hüquqları da ABB-yə ötürüləcək və ödənişlər bundan sonra həmin bank vasitəsilə qəbul ediləcək.

Mərkəzi Bankın açıqlamasına görə, bankın yenidən təşkili kreditorlar və əmanətçilər üçün risk yaratmır. Bildirilir ki, “Bank BTB”nin bank sektorunda payı böyük deyil: onun bank sisteminin aktivlərində payı 0,6 faiz, kredit portfelində 0,9 faiz, sektorun öhdəliklərində isə 0,6 faiz təşkil edir.

Qərarla bağlı bankın özündən ayrıca münasibət almaq mümkün olmayıb.

“Bank BTB” 2010-cu ildə yaradılıb və 254 nömrəli lisenziya ilə fəaliyyət göstərib.

Bank BOKT-yə çevrildikdən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 21-ə düşəcək. Bank olmayan kredit təşkilatları kredit verə bilsə də, banklardan fərqli olaraq əmanət qəbul edə bilmirlər. Bunun üçün ayrıca lisenziya tələb olunur.

Jurnalist araşdırmalarına görə, “Bank BTB”nin əsas səhmdarı Nigar Mehdiyevadır. O, bankın səhmlərinin 75 faizinə sahibdir və bank kapitalının təxminən 50 milyon manatı ona məxsusdur. Nigar Mehdiyeva Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bank həmçinin “BTB Leasing” və “BTB Kapital İnvestisiya Şirkəti”nin təsisçisidir.

R.Mehdiyev ötən ilin oktyabrında açılan cinayət işi əsasında məsuliyyətə cəlb olunub və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. 

Azərbaycanda bankların sayı 2015-ci ildə baş verən devalvasiyalara qədər 43-ə çatmışdı. Sonrakı illərdə bir sıra bankların lisenziyası ləğv edilib və bəzi əmanətçilər vəsaitlərini geri almaqda problemlərlə üzləşdiklərini bildiriblər.