Sosial şəbəkədə biz:
Azərbaycanda qaz hasilatı artır, daxili istehlak isə azalır
Xəbər Şəkli

Azərbaycanda qaz hasilatı artır, daxili istehlak isə azalır

13 February 2026, 08:43
İqtisadiyyat

Ötən il ölkə üzrə hasil olunan qazın 13,2 milyard kubmetri daxili istehlaka yönəldilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, ölkə üzrə qaz hasilatı 2024-cü illə müqayisədə 2,1 faiz artaraq 51,5 milyard kubmetr təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sosial media hesabında yazıb ki, ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 faiz azalıb. Ekspert bildirir ki, bu azalma istilik-elektrik stansiyalarında qazdan daha az istifadə olunması ilə izah edilir.

SOCAR-ın məlumatında da qeyd olunur ki, elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1 faiz azalıb.

İ.Şaban bildirir ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün ildə 5-5,5 milyard kubmetr qaz istifadə olunurdu:

“Ölkəmizdə “yaşıl enerji” mənbəli stansiyalarda elektrik istehsalının artması (ötən il təqribən 3,67 mlrd kVt/saat) təbii ki, istilik-elektrik stansiyalarının qazdan istifadəsini dəazaldıb. Burada hökmən vacibdir bilək ki, ‘Azərenerji’ ASC nə qədər qaz istehlak edib və 2024-cü illə müqayisədə ənənəvi enerji istifadəsində nə qədər qənaətə nail olub”.

Onun sözlərinə görə, nə Azərbaycan hökuməti, nə qaz satan tərəf, nə də qaz alan “Azərenerji” bu məlumatı ictimailəşdirir:

“Baxmayaraq ki, ‘Azərenerji’ ASC ölkə daxilində illər boyu ən böyük qaz istehlakçısı statusunda çıxış edir.

Niyə hətta pozitiv xəbəri belə bölüşmürlər, izah etməkdə çətinlik çəkirəm.

Amma bu məlumat paylaşılsaydı, bununla eyni zamanda Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim “təmiz qaz” ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar”.

Qeyd edək ki, SOCAR-ın 2025-ci ilə dair göstəricilərinə əsasən, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində (konsorsiumsuz) istismar etdiyi yataqlardan 7,8 milyard kubmetr qaz hasil edib. Ölkə üzrə ümumi hasilat isə 51,5 milyard kubmetr təşkil edib. Ötən il xarici bazarlara 25,2 milyard kubmetr “mavi” yanacaq satılıb.

2026-cı ildə Azərbaycanda qaz hasilatının artacağı proqnozlaşdırılır. BP-Azərbaycan şirkətinin məlumatına görə, 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağının “Qərbi Çıraq” platformasında aparılan qazma işlərindən sonra yeni qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib. Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) uyğun olaraq, 2026-cı ilin birinci yarısında bu laydan hasilata başlamaq planlaşdırılır.

İ.Şaban qeyd edir ki, “Azəri-Çıraq-Günəşli” neft blokunda 113 milyard kubmetr təbii qaz ehtiyatının mövcudluğuna dair proqnozlar var. meydan.tv