Sosial şəbəkədə biz:
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır - DEPUTAT
Xəbər Şəkli

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır - DEPUTAT

03 March 2026, 11:27
İqtisadiyyat

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclasının təşkil edilməsi Azərbaycanın regional enerji təhlükəsizliyinin güclənməsində artan rolunun bir daha təsdiq edir. Cənub Qaz Dəhlizi nəinki region, bütövlükdə Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. 

Avropa üçün enerji idxalının daha da şaxələndirilməsinin prioritetləşməsi fonunda məşvərət şurasının illik görüşləri genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərir. Eyni zamanda, artıq 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var.

Azərbaycan son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib. Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı yalnız Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır.

Enerji əməkdaşlığı Azərbaycanın valyuta gəlirlərinin artmasına da imkan yaradır. Bu il Azərbaycanın neft-qaz satışından xalis gəlirinin 8.5 milyard manat olacağı proqnozlaşdırılır. Bu ilin əvvəlinə Dövlət Neft Fondunun aktivləri  22,5% artaraq 73.5 milyard dollara çatıb. Fondun investisiya portfeli üzrə toplam gəlirliyi isə artaraq 6.2 faizə çatıb.

Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Bu o deməkdir ki, növbəti mərhələdə Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin innovativ enerji məhsulları ilə də Avropaya bazarına daxil olacaq.

Vüqar Bayramov, millət vəkili