“Azəriqaz”ın qaz itkiləri 1 milyard kubmetrə çatıb
2025-ci ilin 10 ayında “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz itkiləri 602 386 360 m3 olub. Bu, son illərin itkilərlə bağlı göstəricilərində ən yüksək səviyyələrdəndir.
Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə məlumat verib. Təşkilat sədri ən çox itki verən Regional Qaz İstismat İdarələrinin adlarını sadalayıb:
· Sumqayıt RQİİ – 84 milyon 390 min 880 m3
· Ağsu RQİİ – 34 milyon 666 min 793 m3
· Lənkəran RQİİ – 38 milyon 776 min 331 m3
Ən az itki verən, yəni normativ göstəricilərə uyğun region isə Şəmkir RQİİ olub. Burada qəbul olunan qazın təxminən 6 faizi, yəni 24 milyon 643 min 865 m3-i itkiyə gedib.
Qaz itkisi istehsal olunan əmtəəlik qazın nəqli və paylanması zamanı texniki səbəblərdən yaranan itkilərdir. Bu itkilər boru xətlərinin korroziya uğramasından, sayğacların texniki nasazlıgindan, boru xətlərində yaranan qəzalardan yaranır.
Bu yaxınlarda Ağsu RQİİ-nin Göyçay Xidmət Sahəsində ixtisara düşən Seymur Məmmədov yazıb ki, qeyd olunan statistika 2025-ci ilin 9 ayının yekununa əsaslanır. Onun sözlərinə görə, Ağsu RQİİ üzrə itkilər artıq 36 milyon m3-a çatıb. 2017-ci ildən etibarən isə, əgər itkilər yoxlansa, göstəricinin daha yüksək olduğu ortaya çıxardı.
“Amma nə SOCAR, nə də “Azəriqaz” İstehsalat Birliyi son 8 ildə bu itkilərlə bağlı bir dəfə də maraqlanmayıb. Hələ bu rəqəmlər rəhbərlər tərəfindən verilən tapşırıqlar əsasında 2017-ci ildən etibarən əhali abonentlərinə əlavə qaz sərfiyyatı kimi yüklənərək azaldılıb. Əgər SOCAR və “Azəriqaz” bu itkiləri araşdırmaq istəsələr, biz hər cür kömək göstərə bilərik”, – deyə S.Məmmədov qeyd edib.
“Azəriqaz”ın digər işçiləri isə yazır ki, qaz itkiləri əslində korrupsiyanın ört-basdır edilməsinin bir vasitəsidir. Onlar vurğulayır ki, itkilərin yaranma səbəbləri arasında qaz oğurluqları və yaranmış borcların silinməsi də var. Eyni zamanda, itkilər qaz borularının yenilənməməsi və vaxtında boyanmamasının göstəricisidir. Kağız üzərində boruların dəyişdirildiyi və korroziyadan qorunmaq üçün boyalar alındığı göstərilsə də, reallıqda bu işlər həyata keçirilməyib.
10 il sonra yenidən qaz itkisi ilə bağlı böhran dərinləşir
Qeyd edək ki, qaz itkiləri 2024-cü ildə 977,1 milyon m3 təşkil edərək 2015-ci ilin itkilərinə çatıb. 2023-cü illə müqayisədə bu itkilər 2,7 dəfə artıb. 2025-ci ilin 9-10 ayına təqdim olunan rəqəmlər isə 2023-cü ilin göstəricilərindən təxminən 2 dəfə yüksəkdir.
Yeri gəlmişkən, qaz itkiləri ilə bağlı sonuncu ciddi böhran 2009-2015-ci illərdə müşahidə olunub. Həmin dövrdə itkilərin həcmi 1–1,2 milyard m3-a çataraq rekord səviyyəyə yüksəlmişdi. Ölkədə hasil olunan təbii qazın daxili bazara yönələn hissəsinin itkiləri 10–11 faiz təşkil edirdi.
Xüsusilə, 2009-cu ildə “Azəriqaz”da aparılan struktur islahatlarından sonra zərər və itkilər daha da artdı. Baxmayaraq ki, əhalinin 1 oktyabr 2009-cu il tarixinə “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manatlıq borclarının silinməsi ilə bağlı fərman imzalanmışdı. “Azəriqaz”in özü isə həmin il dövlət şirkəti olaraq ləğv edilərək SOCAR-ın tabeliyinə verildi. Sonrakı dövrlərdə yaranmış borclarla bağlı ictimaiyyətə açıqlama verilmədi, lakin qaz itkilərinin kəskin artımı müşahidə olundu. Təəssüf ki, həmin dövrdə artan itkilərlə bağlı rəsmi izahat təqdim olunmadı.
2015-ci ildə “Azəriqaz” İB-nin rəhbərliyinə Ruslan Əliyevin təyinatından sonra bu sahədə müəyyən şəffaflığın göründüyünü demək olar. İtkilər üzrə azalma tendensiyası, R.Əliyevin ictimaiyyətə açıq olması İstehsalat Birliyinin fəaliyyətində mübət dinamika yaratmışdı. Hətta 2023-cü ildə qaz itkiləri 365,3 milyon m3-ə düşərək minimum səviyyəyə nail olundu, bu daxili qaz təchizatının cəmi 2,7 faizini təşkil etdi.
Lakin 2024-cü ildə rəhbərlikdə növbəti dəyişiklik və “Azəriqaz”da aparılan islahatlar nəticəsində itkilərin rekord səviyyəyə çatdığını görmək olar. Ötən il itkilər 6,35 faizə yüksəlib. Nəticədə, daxili istehlaka yönələn qazın itkiyə gedən payı bir il ərzində 2,7 faizdən 6,35 faizə qalxdı. Bu isə deməkdir ki, 2024-cü ildə şəbəkəyə daxil olan hər 100 kub metr qazdan 6 m3-dən çoxu itirilib.
2024-2025-ci illərdə qeydə alınan yüksək itki rəqəmləri ciddi suallar doğurur. Ekspertlərə görə, bu kəskin artımın səbəbləri arasında qəzalar, infrastruktur problemləri və ya qazın uçot sistemində qeyri-şəffaflıq kimi faktorlar əsas rol oynaya bilər. Meydan.tv