Bakıda qara çörək bahalaşır: Səbəb kəpək ununun qiymətidir?
Son vaxtlar Bakıda qara undan hazırlanan çörək və çörək məmulatlarının qiymətində artım müşahidə olunur. Bu undan hazırlanan çörəklərin bir ədədinin qiyməti 1-1,2 manat arasında dəyişir. Satıcıları bunun səbəbini kəpək unun topdansatış qiymətinin artması ilə əlaqələndirir.
"Dəvəçi-Dəyirman" MMC şirkətindən bildirilib ki, kəpək unu tonla satılır. Onların sözlərinə görə, bir ton kəpək ununun topdansatış qiyməti 300 manata başa gəlir. Bu unun 20 kiloqramlıq kisəsi isə 6 manata təklif edilir.
"Karmen" MMC 35 kiloluq kəpək ununun topdansatış qiymətinin 10 manat 85 qəpik olduğunu bildirib. Bundan əlavə, şirkət kəpək ununun qiymətinin son bir ayda qalxmadığını bildirib.
"Karat Holdinq" MMC isə kəpək ununun 20 kiloqramlıq kisəsinin 6 manat 40 qəpiyə satıldığını bildirib.
İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında "kəpəkli baton" və digər qara çörək növlərinin bahalaşmasının səbəblərini istehsal xərclərinin artması ilə əlaqələndirib:

Akif Nəsirli ağ çörək növlərində, o cümlədən kütləvi istehlak olunan "zavod çörəyi"ndə qiymət artımının qeydə alınmamasının səbəbini bu məhsulun sosial əhəmiyyətli sayılması ilə əlaqələndirib:
"Belə çörəklər gündəlik tələbat məhsulu olduğu üçün onların qiyməti adətən daha sabit saxlanılır və bəzən istehsalçılar mənfəət marjasını aşağı salaraq qiymət artımından yayınırlar. Buna görə də artım əsasən alternativ və daha baha başa gələn qara çörək növlərində müşahidə olunur. Eyni zamanda, bir biznes sahibi həmişə istəyər ki, gəlir və mənfəətini artırsın, amma bu yalnız qiymət artımı hesabına başa gəlməməlidir. Məsələn, innovasiyaların tətbiqi hesabına məhsulun maya dəyərini aşağı salmaqla da mənfəəti artırmaq olar".