Sosial şəbəkədə biz:

Bir ildə Azərbaycanda neft hasilatı və ixracı kəskin azalıb

Bir ildə Azərbaycanda neft hasilatı və ixracı kəskin azalıb
Xəbər Şəkli
21 July 2026, 15:55
İqtisadiyyat

2026-cı ilin ilk altı ayında Azərbaycanda hasil olunan neftin həcmi 0,4 milyon ton azalıb. Energetika Nazirliyinin 2026-cı ilin birinci yarımilliyinə dair məlumatına görə, kondensat da daxil olmaqla ölkədə 13,3 milyon ton neft hasil edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalma deməkdir.

Ən böyük hasilat yatağı olan “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə ilin yanvar-iyun aylarında 7,9 milyon ton neft hasil olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz və ya 0,1 milyon ton azdır.

“Şahdəniz” yatağı üzrə qaz kondensatı hasilatında da kəskin azalma müşahidə edilir. Belə ki, ilin birinci yarısında kondensat hasilatı 10,5 faiz azalaraq 1,7 milyon tona düşüb.

SOCAR üzrə neft və kondensat hasilatı da 2,9 faiz azalaraq 3,5 milyon tondan 3,4 milyon tona enib.

Ümumilikdə, ölkədə neft hasilatı gündə orta hesabla 73 min ton və ya 552 min barrel təşkil edib.

Hasilatın azalması ixrac həcmlərinə də təsir göstərib. Nazirliyin məlumatına görə, yanvar-iyun aylarında neft ixracı 9,5 faiz azalaraq 10,5 milyon tona düşüb. Xüsusilə, SOCAR ixracında iki dəfəyədək azalma müşahidə edilir. Belə ki, şirkətin xaricə ixrac etdiyi neftin həcmi ötən ilin ilk altı ayındakı 1,4 milyon tondan bu ilin eyni dövründə 0,7 milyon tona enib.

Nazirliyin məlumatına əsasən, neftdən fərqli olaraq, təbii qaz hasilatı və ixracında artım qeydə alınıb. Birinci yarımillikdə ölkədə 25,4 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 0,2 milyard kubmetr çoxdur.

Artımın əsas mənbəyi “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan səmt qazı olub. Belə ki, bu yataqdan hasil edilən səmt qazının həcmi 10,6 faiz artaraq 7,3 milyard kubmetrə çatıb.

Hesabat dövründə Azərbaycanın təbii qaz ixracını genişləndirdiyini görmək olur. Belə ki, cari ilin statistikasında Suriyanın Azərbaycandan 0,7 milyard kubmetr qaz aldığı da öz əksini tapıb.

Ümumilikdə, ixrac olunan mavi yanacağın həcmi 5 faiz artaraq 12,7 milyard kubmetr təşkil edib.

Bu dövr ərzində Avropa bazarına qaz ixracı 3,3 faiz azalaraq 5,9 milyard kubmetrə düşüb.

Yanvar-iyun aylarında Türkiyəyə 4,9 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz nəql olunub.

Beləliklə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən indiyədək ümumilikdə 679,8 milyon ton neft və kondensat, həmçinin 529,6 milyard kubmetr təbii qaz hasil olunub.