Sosial şəbəkədə biz:
Dabaq təhlükəsi: Şayiə, yoxsa reallıq?
Xəbər Şəkli

Dabaq təhlükəsi: Şayiə, yoxsa reallıq?

30 October 2025, 14:35
İqtisadiyyat

Son günlər Azərbaycanın bir sıra rayonu üzrə mal-qara təsərrüfatında dabaq xəstəliyi yayılıb. Heyvandarlığa, öz növbəsində, kənd təsərrüfatına və ölkə iqtisadiyyatına ciddi ziyan vuran bu xəstəliyin insanlara da keçməsi ehtimalı əhalidə narahatlıq yaradıb. Bəs dabaq hansı hallarda insan orqanizmi üçün təhlükəyə çevrilə bilər?

Dabaq (elmi adı ilə "aphthae epizooticae") əsasən cütdırnaqlı heyvanlarda, yəni inək, camış, qoyun, keçi və donuzlarda, habelə maral və ceyranlarda, hətta fillərdə, kirpilərdə rastımıza çıxan kəskin yoluxucu virus xəstəliyidir. Xəstəliyin meydana gəlməsinə səbəb çox dözümlü təbiətə malik "aftovirus" adlı virusdur. O, əsasən yoluxmuş heyvanların ağız suyu, südü və nəcisi ilə yayılır. Eyni zamanda, virusa bulaşmış əşyalardan, yemlərdən və əlbəttə, havadan da ötürülür. Aftovirus genetik cəhətdən çox dəyişkəndir; bu xüsusiyyət peyvəndin əksər hallarda effektiv nəticə verməməsinə gətirib çıxarır.


İlk dəfə 1870-ci ildə ABŞ-də qeydə alınan dabağın heyvanlarda əsas əlaməti ağız boşluğunda, dildə və dodaqlarda irinli yaraların əmələ gəlməsidir. Xəstəliyə yoluxan heyvanın iştahası, həmçinin süd verməsi kəskin azalır, onda qızdırma və halsızlıq meydana gəlir. Hərçənd dabaq yetkin cütdırnaqlılar üçün ölümcül deyil, ancaq istənilən hallarda süd və ət istehsalına böyük zərər vurur.

Azərbaycanda da fermer təsərrüfatlarında dabaq son aylarda epidemiya səviyyəsində yayıldığı üçün insanlar süd və ət məhsulları istehlakından qaçınırlar. Halbuki mütəxəssislərin verdikləri məlumata əsasən, heyvanlara məxsus bu xəstəlik insan orqanizminə çox nadir hallarda ötürülür. Dabağa əsasən yalnız canlı heyvanlarla birbaşa təmas quran şəxslərin (məsələn, fermerlərin, baytarların) yoluxması mümkündür.

Xəstəliyə məruz qalan insanda yüngül qızdırma, ümumi halsızlıq əmələ gəlir, habelə ağız nahiyəsində və əllərdə qabarcıqlar üzə çıxır. Halbuki bu əlamətlər ciddi problemdən xəbər vermir. Ən əsası isə, dabaq virusu (aftovirus), adətən, insandan insana keçmir. Britaniyada bu xəstəliyə ən son yoluxma faktı 1967-ci ildə qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, dabaq xəstəliyinə tutulmuş heyvanların ətinin istehlakı, demək mümkündür ki, tamamilə təhlükəsizdir. Çünki ət bişərkən üzərindəki virus yoxa çıxır. Bu virus həmçinin insanın mədə turşusuna qarşı dözümsüzdür. Xəstə heyvanın çiy əti və südü də insan orqanizmi üçün ciddi risk daşımır.

Beləliklə, dabaq insan sağlamlığından ziyadə daha çox heyvandarlıq və ölkənin kənd təsərrüfatı üçün təhlükəlidir. Epidemiyanın qarşısını almaq məqsədilə heyvanlar müntəzəm peyvəndlənməli, xəstə düşənlər dərhal təcrid altına alınmalı, fermalarda dezinfeksiya tədbirləri görülməli, heyvanların, onların ət və südlərinin daşınması xüsusi nəzarətlə həyata keçirilməlidir.
AzVision.az