“II Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan regional nəqliyyat xəritəsində ardıcıl addımlar atmağa başladı. Zəngəzur dəhlizi layihəsi çərçivəsində Horadiz–Ağbənd dəmir yolunun bərpası ilə başlayan proses sonrakı illərdə daha da genişləndi”.
Bu barədə nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-dəki açıqlaması bu baxımdan xüsusilə diqqətçəkəndir:
“2024-cü ildən Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb. Layihənin 60 km-lik I mərhələsinin 2027-ci ildə tamamlanması planlaşdırılır. Eyni zamanda Osmanlı–Horadiz istiqamətində dəmir yolu infrastrukturunun yenilənməsi həyata keçirilir.
2025-ci ildə Ordubad–Salamməlik–Ermənistan sərhədi dəmir yolu və Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu dəmir yolu layihələrinə start verildi. Bu il Naxçıvandakı dəmir yolu infrastrukturunun əsaslı təmirinə başlanılıb. Ermənistan ərazisində isə TRIPP layihəsi üzrə ilkin mühəndis-axtarış işləri aparılır.
Azərbaycan bununla yanaşı, İran üzərindən Araz dəhlizi çərçivəsində Kəlalə–Ağbənd avtomobil yolu körpüsünü istifadəyə verdi. Bu, regional nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm addımdır. Lakin proses artıq yalnız Azərbaycan və Türkiyənin layihələri ilə məhdudlaşmır.
İranda Mərənd–Çeşmə-Soraya–Aralık dəmir yolu layihəsi ilə bağlı son dövrlərdə aktiv məlumatlar yayılır. Layihəyə mən şəxsən skeptik yanaşıram. Çünki burada yalnız yeni bir dəmir yolunun tikintisindən deyil, mövcud və tarixi marşrutların yaratdığı rəqabətdən danışmaq lazımdır.
İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin sentyabrın 17-dəki açıqlaması bu baxımdan xüsusilə diqqətçəkəndir. O, İranın “Sülh kəsişməsi”nə dəstəyini ifadə etməklə yanaşı, kəsişmənin həm Qərb–Şərq, həm də Şimal–Cənub hərəkətini əhatə etməli olduğunu bildirib. Səfir Azərbaycanın Naxçıvan vasitəsilə Ermənistanla İran arasında dəmir yolu əlaqəsi imkanını təmin etməli olduğunu və Yerasx–Culfa bağlantısının Ermənistanı Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit qovşağına çevirə biləcəyini deyib. Burada mühüm məqam var. İran üçün söhbət yalnız Azərbaycan–Naxçıvan bağlantısından getmir. Tehran üçün Naxçıvan üzərindən keçən marşrut həm Fars körfəzi–İran–Naxçıvan–Ermənistan–Qara dəniz istiqamətinə, həm də Van gölünü yan keçməklə Türkiyəyə çıxışa imkan verən alternativ bağlantıdır.
Üstəlik, bu marşrut yeni deyil. İrəvan–Uluxanlı–Noraşen–Culfa–Təbriz dəmir yolu xətti 1908-ci ildən fəaliyyət göstərir. Bu tarixi xətt Naxçıvanın regional dəmir yolu şəbəkəsindəki əhəmiyyətini göstərir. Məhz buna görə Türkiyə ərazisində Qars–İğdır–Aralık–Dilucu xəttinin, Azərbaycan tərəfində isə Ordubad–Salamməlik–sərhəd istiqamətinin tikilməsi yalnız Zəngəzur dəhlizinin yaradılması kimi qiymətləndirilməməlidir.
Bu layihələr Naxçıvan üzərindən keçən tarixi marşrutun yenidən regional tranzit sisteminə inteqrasiyası və onun əhəmiyyətinin artırılması deməkdir. Belə olan halda Mərənd–Çeşmə-Soraya–Aralık xətti də sadəcə yeni İran–Türkiyə dəmir yolu kimi deyil, Naxçıvan üzərindən formalaşan marşrutla potensial rəqabət aparan paralel bağlantı kimi nəzərdən keçirilməlidir.
Digər tərəfdən, səfirin açıqlaması göstərir ki, İranın Naxçıvan üzərindən Ermənistan və daha sonra Qara dəniz istiqamətinə çıxışa marağı var. Əgər məqsəd həqiqətən Fars körfəzi ilə Qara dənizi birləşdirən yeni tranzit xətti yaratmaqdırsa, onda Naxçıvan marşrutunun potensialı ayrıca qiymətləndirilməlidir.
Burada əsas məsələ artıq “kim hansı yolu tikir?” deyil. Əsas məsələ eyni yük bazarı uğrunda yaranan alternativ marşrutların hansı məsafə, vaxt, tarif, tutum və sərhəd keçidi üstünlüklərinə malik olacağıdır. Dəhlizlər üzrə rəqabət məhz bundan sonra daha da kəskinləşəcək”.