Dövlət Neft Fondu ABŞ-ın maliyyə nəhənglərinə investisiyalarını artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ildə investisiya portfelində səhmlərin payını genişləndirmək məqsədilə ABŞ şirkətlərinə investisiya yatırıb.
Son olaraq, bir neçə gün öncə ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) ilə növbəti investisiya layihəsinə imza atılıb. Fond dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “BlackRock”un London Qatvik hava limanındakı səhm portfelinə 50 milyon funt sterlinq məbləğində vəsait qoyub.
Xatırladaq ki, 2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə hazırda GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunacaq.
Məlumata görə, Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında qərarlaşıb. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axınının təxminən 75 milyona çatacağı gözlənilir.
Bu, Neft Fondunun “BlackRock”un tabeliyində olan şirkətlərlə ikinci investisiya razılaşmasıdır. Bu ilin əvvəlində “Global Infrastructure Partners” (GIP) tərəfindən idarə olunan İtaliyanın aparıcı yüksək sürətli dəmiryolu operatoru “Italo-Nuovo Trasporto Viaggiatori S.p.A.”nun (Italo) səhm portfelində yer almaq məqsədilə 34,5 milyon avro məbləğində sərmayə yatırılıb.
2012-ci ildə yaradılmış “Italo” dəmiryolu operator şirkəti Milan–Roma dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.
2024-cü ildə qlobal konteyner daşımaları sahəsində fəaliyyət göstərən “MSC” şirkəti “Italo”nun təxminən 50%-lik səhmlərini GIP-dən əldə edib. Qalan 50%-lik pay isə hazırda GIP, birgə investorlar və ARDNF-nin də daxil olduğu fondlara məxsusdur.
“BlackRock” haqqında qısa arayış
Yeri gəlmişkən, 12 trilyon dollardan çox aktivə sahib olan “BlackRock” Amerikanın siyasi arenasında xüsusi çəkisi ilə dünya mediasının gündəmindədir.
Şirkətin əsas fəaliyyət sahələri aktivlərin idarə olunması, investisiya fondları, pensiya fondları, risklərin idarə olunması, özəl bazarlar, infrastruktur layihələri, sığorta şirkətləri üçün kredit həlləri, texnologiya platformaları və digər istiqamətləri əhatə edir. “Apple”, “Microsoft”, “ExxonMobil”, “JPMorgan” və digər nəhəng korporasiyaların ən iri səhmdarları arasında yer alır.
Böyük böhran dövrlərində – 2008-ci il qlobal maliyyə böhranı və COVID-19 pandemiyası zamanı “BlackRock” ABŞ Federal Ehtiyat Sisteminə (FED) və Avropa Mərkəzi Bankına konsultasiya xidməti göstərib. Bu proseslərdə şirkət dövlətlərin pul-kredit siyasətində dolayı rol oynayıb.
Məhz bu səbəbdən, ictimai nümayəndələr və ekspertlər belə bir şirkətin həm bazarın oyunçusu, həm də dövlətlərə məsləhətçi qismində çıxış etməsini riskli hesab edir, onu maraqların toqquşması və təsir imkanlarının artması baxımından tənqid edirlər.
Azərbaycan Neft Fondu postneft dövrünə hazırlaşır
2025-ci ilin iyununda Dövlət Neft Fondu İtaliyada daha bir şirkətə yatırım edərək kommersiya yönümlü investisiyalarını genişləndirib. Belə ki, Fond İtaliyanın “Enfinity Global” şirkətinin 49%-lik payını əldə edib. Bu beynəlxalq şirkətin İtaliyadakı portfeli Latsio və Emiliya-Romanya regionlarında yerləşən 14 günəş elektrik stansiyasını əhatə edir. Həmin stansiyalarda istehsal olunan enerji uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa yönəldiləcək.
2025-ci ilin may ayında isə Fond Əbu-Dabidə yerləşən qlobal alternativ investisiya şirkəti “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) enerji şirkətinə 50 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.
Uzunluğu 982 kilometr təşkil edən “AGPA” qaz nəqli şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.
Ümumiyyətlə, 2020-ci ildə Azərbaycanda neft-qaz gəlirlərində və hasilatında azalma ARDNF-nu aktivlərinin idarə edilməsi siyasətinə yenidən baxılmasına təkan verib. Əgər 2020-ci ilə qədər investisiya portfelində 63,8%-lik payla istiqrazlar və pul bazarı alətləri üstünlük təşkil edirdisə, hazırda qızıl və dünyanın aparıcı şirkətlərinin səhmlərinə yatırımlar bu liderliyi bölüşür.
2025-ci ilin I yarısının hesabatına görə, istiqrazlar və pul bazarı alətlərinin payı Fondun ümumi aktivlərində 38,9%-ə enib. Səhmlərin payı isə son 5 ildə 10 faiz bəndi artaraq 25,7%-ə, qızılın payı 14,6 faiz bəndi artaraq 28,8%-ə çatıb. Müvafiq dövrlərdə daşınmaz əmlak və infrastrukturun 6,7 faizlik payında ciddi dəyişiklik yoxdur.
Bu o deməkdir ki, Neft Fondu vəsaitlərin idarə edilməsində daha yüksək gəlirli və nisbətən az riskli sahələrə yönəlmə siyasətini həyata keçirir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Dövlət Neft Fondu neft-qaz gəlirləri azaldığı üçün aktivlərin idarə olunmasından daxil olan gəlirləri artırmaq siyasəti həyata keçirir:
“Bu baxımdan da aktivlərini daha çox kommersiya layihələrinə yönəltməyə başlayıb. Bunlar elə layihələrdir ki, müflis olma ehtimalı çox aşağıdır və stabil gəliri var. 10 il bundan öncə Neft Fondunun 34 milyard dollar aktivləri var idi. Onun 27-28 milyardı kapital, qalan hissəsi isə daşınmaz əmlak və qızıldan ibarət idi. İndi Fond daşınmaz əmlakla bağlı siyasətdən uzaqlaşıb və qızılın həcmini artırmağa başlayıb. Ona görə də, rüblük və yarımillik hesabatlarda neftdən kənar gəlirlərində artım müşahidə olunur.”
Ekspertin sözlərinə görə, Fondun aktivlərinin 66,5 milyard dollara çatması daha şaxələndirilmiş investisiyalar həyata keçirməyə imkan verir:
“Azərbaycanda neft aktivlərinin idarə olunmasından yüksək gəlir əldə edilməsi prosesi obyektiv səbəblərdən gec başladı. Artıq 2020-ci ildən etibarən Fond böyük şirkətlərin səhmlərinə yatırım etməyə başladı. Hesab edirəm ki, bu proses getdikcə daha da genişlənəcək. Neft Fondunun rüblük və illik hesabatlarında da neft-qazdan kənar gəlirlərində ciddi artım müşahidə olunur”.
İlham Şaban Neft Fondunun “BlackRock” şirkətinə yatırdığı investisiyalarla bağlı irəli sürülən müxtəlif tənqidi yanaşmalara da münasibət bildirib. O qeyd edib ki,12,5 trilyon dollarlıq aktivlərə sahib olan bir şirkətlə tərəfdaşlıq etməkdə dövlətlər və iri korporasiyalar özləri maraqlıdırlar. Əgər bu əməkdaşlıq hər hansı ciddi risk daşısaydı, onda belə maraq da müşahidə olunmazdı.
“Dünyada 12,7 trilyon dollardan çox aktivə sahib olan “BlackRock” ən böyük investisiya şirkətlərindən biridir. Bundan əvvəl Neft Fondunun İtaliyanın bərpa olunan enerji sahəsində fəaliyyət göstərən “Enfinity Global” şirkətinin 49%-lik payını almasını ən uğurlu investisiya addımlarından hesab edirəm. Belə aktivlər sayəsində Fondun 2025-ci ilin birinci rübündə vəsaitlərin idarə edilməsindən gəlirliliyi 3,29% təşkil edib”, – deyə ekspert qeyd edir. Meydan.tv