Dövlət Neft Fondunun gəliri 13 faiz azaldı, amma qızılın bahalaşması aktivləri artırdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk doqquz ayı üzrə fəaliyyət nəticələrini açıqlayıb. Fondun məlumatından aydın olur ki, aktivlərin həcmində artım olsa da, neft-qaz satışından əldə olunan gəlirlərdə əhəmiyyətli azalma müşahidə edilib.
Belə ki, 2025-ci il sentyabrın 30-na olan məlumata görə, Fondun aktivləri ilin əvvəlinə nisbətən 16,9 faiz artaraq 70,2 milyard ABŞ dollarına çatıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 61,7 milyard dollar təşkil edib. Beləliklə, bir il ərzində Fondun ümumi aktivləri 8,5 milyard dollar və ya 13,7 faiz artıb.
Neft-qaz gəlirləri 1,6 milyard manat azalıb
Fondun aktivlərindəki artım əsasən vəsaitlərin idarə olunması və büdcədənkənar gəlirlər hesabına təmin olunub. Lakin ümumi aktivlərin artmasına baxmayaraq, Fondun gəlirlərində 13 faizlik azalma qeydə alınıb. 2025-ci ilin yanvar–sentyabr aylarında ARDNF-nin ümumi gəlirləri 13,07 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat azdır.
ARDNF-nin əsas gəlir mənbəyi olan neft və qaz sazişlərindən əldə edilən vəsaitlər 2025-ci ilin ilk doqquz ayında 7,84 milyard manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (1,6 milyard manat) azalma deməkdir. Belə ki;
- Mənfəət nefti və qazın satışından əldə olunan gəlirlər 18,2 faiz azalıb. 2025-ci ildə bu mənbədən 7,07 milyard manat daxil olub, halbuki 2024-cü ildə göstərici 8,64 milyard manat idi.
- Bonus və tranzit gəlirləri 1,7 faiz azalaraq 765,3 milyon manat təşkil edib.
- Akrhesabı ödənişlər dəyişməyərək 3,6 milyon manat səviyyəsində qalıb.
Sözügedən dövr ərzində ARDNF-yə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 183,9 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olub.
Büdcədənkənar gəlirlər 3,6 dəfə artıb
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə etdiyi investisiya gəlirləri 2025-ci ilin yanvar-sentyabr aylarında 5 milyard 235,7 milyon manat olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalma deməkdir.
Ən diqqətçəkən göstəricilərdən biri Fondun büdcədənkənar gəlirlərində müşahidə olunan əhəmiyyətli artımdır. Valyuta məzənnələrinin dəyişməsi nəticəsində yaranan fərqlər 2025-ci ilin ilk doqquz ayında ARDNF-yə 15,07 milyard manat əlavə gəlir gətirib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artım deməkdir.
Artımın əsas səbəbi Fondun öz aktivlərində qızılın payını artırmasıdır. İlin birinci yarısında qlobal bazarlarda qızılın kəskin bahalaşması Neft Fondunun büdcədənkənar gəlirlərinin artımına da müsbət təsir göstərib. Aktivlərdəki artım da məhz bu istiqamətdə portfelin genişlənməsi və qızılın dünya bazarlarında yüksək qiymət səviyyəsini qoruması ilə bağlıdır.
ARDNF-nin məlumatında da qeyd olunur ki, 2025-ci ilin doqquz ayı ərzində Fondun aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən və büdcədənkənar mənbələrdən əldə edilən gəlirlər hesabına formalaşıb:
“Maliyyə bazarları baxımından, üçüncü rübdə müşahidə olunan nisbətən sabit iqtisadi və bazar mühiti dövlət istiqrazlarının gəlirlilik dərəcələrinin volatilliyinin əvvəlki rüblərlə müqayisədə azalmasına səbəb olub. Hesabat dövrü ərzində Avrozona və Böyük Britaniyanın 10 illik dövlət istiqrazlarının gəlirlilik dərəcələrində artım, ABŞ-da isə azalma tendensiyası müşahidə olunub. Yüksək faiz gəlirlərinin də təsiri ilə ARDNF-nin borc alətlərindən əldə etdiyi gəlirlər artıb”.
Məlumatda həmçinin qeyd olunur ki, qlobal səhm bazarları üçüncü rübdə güclü performans göstərib və əvvəlki rübdə müşahidə olunan artım tendensiyasını davam etdirib. Əsasən ABŞ bazarlarında baş verən yüksəliş nəticəsində əsas indekslər yüksək gəlirlilik nümayiş etdirib. Bu müsbət dinamika hesabat dövründə ARDNF-nin səhm bazarlarından əldə etdiyi gəlirlərə də əhəmiyyətli dərəcədə töhfə verib.
“Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirmişdir. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və artan tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə vermişdir”, – deyə ARDNF-nin məlumatında vurğulanır.
Neft Fondunun 9 ayda xərc istiqamətləri
Cari ilin ilk doqquz ayında ARDNF xərcləri 10,9 milyard manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artım deməkdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 milyard 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub.
Bundan əlavə, 2025-ci ilin yanvar–sentyabr aylarında aşağıdakı dövlət proqramlarının icrasına ümumilikdə 34,3 milyon manat vəsait yönəldilib:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə – 8,2 milyon manat;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə – 26,1 milyon manat.
- Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil edib.
Bununla yanaşı, 2025-ci ilin yanvar–sentyabr aylarında ARDNF tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən valyuta hərraclarında 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Meydan.tv