Sosial şəbəkədə biz:
Ət bir az da bahalaşacaq
Xəbər Şəkli

Ət bir az da bahalaşacaq

24 February 2026, 16:08
İqtisadiyyat

Son aylarda ət idxalının həcmində azalma müşahidə olunur. Bu azalma yerli istehsalın artması ilə əlaqədardır, yoxsa daxili bazarda ətə tələbatın zəifləməsi ilə? Eyni zamanda, istehlakçıların xaricdən gətirilən ət məhsullarına etibar səviyyəsi də müzakirə mövzusuna çevrilib. Bazarda formalaşan yeni vəziyyət qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar doğurur. İdxalın azalması təklif və tələb balansına birbaşa təsir göstərən amil kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a ölkədə ət idxalının azalmasının bir neçə səbəbi olduğunu bildirib:

"Birincisi, Monqolustandan ət idxalı əsasən oktyabr ayına qədər həyata keçirilir. Həmin dövrdən sonra ölkədə ciddi şaxtalar başlayır və növbəti tədarük təxminən may–iyun aylarında mümkün olur. Güclü şaxtalar səbəbindən nəqliyyat imkanları məhdudlaşır və ümumiyyətlə, oradan ət gətirmək çətinləşir. Bu da Monqolustan mənşəli ətin bazarda azalmasına səbəb olur. İkincisi, əhali arasında dondurulmuş ətə tələbat azalıb. Xaricdən gətirilən ətin böyük hissəsi dondurulmuş olduğu üçün bu hal idxalçılar üçün sərfəli olmur. Dünya bazarında ətin qiyməti 20–30 faiz artıb. Məsələn, Braziliyadan idxal olunan ət əvvəlki dövrlə müqayisədə 20-30 faiz bahalaşıb. Argentinadan gətirilən ət isə yerində nisbətən ucuz olsa da, əlavə xərclər nəticəsində qiymət yüksəlir. Gömrük rüsumları və digər xərclər əlavə olunduqda məhsulun qiyməti Azərbaycana çatana qədər təxminən 23 manata yüksəlir. Bu isə yerli bazar qiymətlərinə uyğun gəlmir".

O bildirib ki, Ukraynadan idxal olunan ətə də məhdudiyyətlər var, çünki daşıma xərcləri kəskin artıb:

"Bu da yekun qiymətin artmasına və idxalçı şirkətlər üçün mənfəətin azalmasına səbəb olur. Eyni zamanda, ölkədə yerli istehsalın stimullaşdırılması istiqamətində təşəbbüslər həyata keçirilir. Dövlət tərəfindən damazlıq heyvanların gətirilməsi təşviq olunur və hər doğulan bala üçün subsidiya verilir. Bundan əlavə, çəkilən xərclərin 40 faizi dövlət tərəfindən qarşılanır. Biznes qurumları da yerli istehsalın inkişafına dəstək verən addımlar atırlar".

Ekspert deyib ki, supermarketlər şəbəkəsindən biri fermer təsərrüfatları ilə birbaşa əməkdaşlığa başlayıb.

"Şirkət nümayəndələri heyvanları birbaşa təsərrüfatlardan seçərək öz kəsim məntəqələrinə aparırlar. Kəsim prosesi baytar nəzarəti altında həyata keçirilir və məhsullar qüvvədə olan qaydalara uyğun şəkildə qablaşdırılır. Ətin üzərində buraxılma tarixi və yararlılıq müddəti göstərilir. Yeni təşəbbüs çərçivəsində ət məhsulları hissələrə bölünərək müxtəlif qiymətlərlə satışa çıxarılır. Bu, həm istehlakçılar üçün şəffaflıq yaradır, həm də fermerlərin əlavə xərclərini azaldır. Fermerlər məhsullarını yerində sata bilir və əlavə vasitəçilərə ehtiyac qalmır. Vasitəçilərin aradan çıxması isə qiymət artımının qarşısını qismən alır.

Ümumilikdə, azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı istiqamətində görülən işlərin yaxın illərdə ölkənin özünü ətlə təmin etməsinə imkan yaradacağı gözlənilir. Effektiv kənd təsərrüfatı siyasəti həyata keçirilərsə, idxaldan asılılıq daha da azalacaq. Hazırda idxalın azalması əhalinin tələbatının düşməsi ilə deyil, əsasən sadalanan iqtisadi və logistika amilləri ilə bağlıdır. Əksinə, əhalinin ətə tələbatı sabit qalır və müəyyən artım müşahidə olunur", - deyə o fikrini yekunlaşdırıb.