Sosial şəbəkədə biz:
Hələ də hökumətdən cavab gözləyirlər
Xəbər Şəkli

Hələ də hökumətdən cavab gözləyirlər

13 May 2026, 08:35
İqtisadiyyat

Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50 % -ədək aşağı salınır. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev deyib. 

O qeyd edib ki, qərar Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə icarəyə verilən torpaq sahələrini, o cümlədən özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən tikilmiş obyektlərin yerləşdiyi dövlət torpaqlarını əhatə edir. 

Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası istehsalda bioloji fasilə yaranmaması ilə bağlı yeni, alternativ fermaların tikintisi üçün hökumətdən kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişməsi barədə müraciət etmişdi. 

Yeni qərar broyler fermalarının yerləşdiyi torpaq sahələrinə şamil olunurmu? 

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, dövlət torpaqlarının icarəsinin 50 faiz aşağı salınması yaxşı xəbərdir: 

“Ancaq bizdə kənd təsərrüfatı təyinatlı torpaqlar olduğuna görə  həmin torpaqlarda tikinti apara bilmirik. Hazırda fermalarımız, sexlərimiz yerləşən sahələrdə icarə haqqı elə bir ciddi rəqəm deyil. Yəni 8 hektarı illik 400 manat təşkil edir. 

Bizim üçün ən yaxşı variant kənd təsərrüfatı təyinatlı və yararsız torpaqların təyinatının dəyişməsidir ki, bu, ölkə iqtisadiyyatına daha çox xeyir verər. Bizdə bələdiyyə torpaqlarıdır və yeni qərar onlara şamil olunmur”. 

APAPEA sədrinin sözlərinə görə, alternativ fermaların tikilməsi ilə bağlı hökumətə müraciətlə bağlı heç bir nəticə yoxdur: 

“Bioloji fasilə vermək üçün biz yeni alternativ fermalar, yumurta qoyma sexləri tikmək istəyirik.  İstehsal sahələrinə bioloji fasilə verə bilmirik. Bununla bağlı dəfələrlə hökumətdən kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişməsini xahiş etsək də, hələ nəticə əldə etməmişik. 

Səbəb də odur ki, biz bioloji fasilə verməyimiz üçün digər sahələr inşa etməli, yaxud Sovet dövründən qalan fabriklərdə yenilənmə aparmalıyıq. Yeni innovasiya tətbiq etməliyik. Həmin fermalar innovasiyaya uyğun deyil. Buna görə də söküb yenisini tikməliyik”.