Hökumət gələn il işsizlərin sayının kəskin artacağını proqnozlaşdırır
Gələn il Dövlət Məşğulluq Agentliyi işsizlərin sayının artacağını proqnozlaşdırır. Bu barədə Hesablama Palatasının “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcə layihəsi”nə dair rəyində qeyd edilib.
Hesablama Palatasının rəyinə görə, 2026-cı ildə 16 min 49 nəfərə işsizliyə görə sığorta ödənişinin verilməsi nəzərdə tutulur. Bu, 2025-ci ilin gözləntiləri ilə müqayisədə 19,8 faiz çoxdur.
“2024-cü ildə 9 491 nəfərə ödəniş təyin edilib, 11 min 340 nəfər isə işsizliyə görə sığorta ödənişi ilə təmin olunub ki, onların 2 094 nəfəri əvvəlki ildən ödəniş alan şəxslər olub. 2025-ci ilin sonunadək ümumilikdə 13 min 388 nəfərə ödənişin aparılacağı, növbəti ildə isə 16 min 49 nəfərə ödəniş verilməsi nəzərdə tutulur.
Bu şəxslərdən müvafiq olaraq 7 711, 11 229 və 13 321 nəfəri minimum sığorta ödənişi alanlardır. Təqdim edilmiş məlumata əsasən, işsizliyə görə sığorta ödənişinin adambaşına düşən orta aylıq məbləği 2024-cü ildə 414,02 manat olub, bu rəqəmin cari ilin sonunda 441,67 manata, növbəti ildə isə 450 manata çatacağı gözlənilir”, – deyə rəydə qeyd olunur.
Bunun üçün İşsizlikdən Sığorta Fondunun (İSF) sığorta ödənişləri bölməsindən 2026-cı ildə 28 milyon manat ayrılması nəzərdə tutulur. İşsizliyə görə sığorta ödənişləri 2024-cü ilin icra göstəricisindən 14,5 milyon manat və ya 107,4 faiz (təxminən 2 dəfə), cari ilin gözlənilən icrasından isə 11 milyon manat və ya 64,7 faiz çoxdur.
Hesablama Palatası bildirir ki, sosial sığorta üzrə ödəniş xərclərinin növbəti il üçün 11 milyon manat və ya 64,7 faiz artırılması, cari ildə işsizlikdən sığorta ödənişi ilə əhatə olunan şəxslərin sayının yüksək olması ilə əsaslandırılır.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanuna əsasən, bu ödənişlər iş yerində əmək müqaviləsinə xitam verilən, müəssisənin ləğvi və ya ştatların ixtisarı səbəbilə işdən azad olunan şəxslərə şamil edilir.
İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsində nələr gözlənilir?
Yeri gəlmişkən, gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsi 266,4 milyon manat həcmində proqnozlaşdırılır. Büdcənin 236,6 milyon manatı işsizlikdən sığorta haqlarından, 1,7 milyon manatı “sair gəlirlərdən”, 28,1 milyon manatı isə əvvəlki illərdən yaradılmış ehtiyatın istifadəsi hesabına formalaşacaq.
Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də xərclərin maliyyələşməsinin əsas mənbəyini işsizlikdən sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu göstəricinin xüsusi çəkisi 88,8 faiz həcmində proqnozlaşdırılır. Hesablama Palatasının rəyində bildirilir ki, bu, Fondun büdcə gəlirlərinin böyük ölçüdə əmək bazarındakı məşğulluq səviyyəsindən və sığorta haqları üzrə yığımlardan asılı olduğunu göstərir. Digər gəlirlər və əvvəlki illərdən istifadə edilən ehtiyatlar isə ümumi daxilolmaların kiçik hissəsini təşkil edərək əlavə dəstək mənbəyi rolunu oynayır.
İşsizlikdən sığorta haqqı üzrə gəlirlər 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyon manat və ya 1,3 faiz, cari ilin gözlənilən göstəricisi ilə müqayisədə isə 6,6 milyon manat və ya 2,9 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə daxilolmaların 51,9 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2025-ci ilin gözlənilən icra göstəricisindən 3,3 milyon manat və ya 6 faiz azdır.
Özəl sektor İSF-nın gəlirlərinin formalaşmasında əhəmiyyətli paya malikdir. Belə ki, 2026-cı ildə Fondun qeyri-büdcə sektoru, yəni özəl sektor üzrə gəlirləri 184,7 milyon manat nəzərdə tutulur. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 6 milyon manat və ya 3,3 faiz, 2025-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 9,9 milyon manat və ya 1,9 faiz çoxdur.
Hesablama Palatasının rəyinə görə, İSF-nin cari ildə özəl sektor üzrə daxilolmalarının 11,5 faiz artıq icra olunacağı gözlənilir.
Növbəti ildə Fondun “sair gəlirlər” üzrə daxilolmaları 1,7 milyon manat proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 6,8 milyon manat və ya 80 faiz kəskin azalma deməkdir.
“Sair gəlirlər” işsizlikdən sığorta haqları üzrə hesablanmış faiz və maliyyə sanksiyalarından daxil olan vəsaitlər, “DOST İş Mərkəzi” MMC-dən haqqı ödənilən ictimai işlər üzrə ödənişlər, artıq ödənişlərin geri qaytarılması və digər gəlirlərdən ibarətdir.
2025-ci ilin birinci yarısında Fondun “sair gəlirləri” 7,4 milyon manat təşkil edib. Bu məbləğin 7,1 milyon manatı işsizlikdən sığorta haqları üzrə hesablanmış faiz və maliyyə sanksiyalarından daxil olan vəsaitlər, 194 min manatı isə “DOST İş Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlər üzrə ödənişlər olub.
Özünüməşğulluq proqramına maraq azalıb
Fondun xərclərinə gəlincə, 266,4 milyon manat proqnozlaşdırılan məbləğin 44,6 faizi əhalinin məşğulluğunun təmin edilməsi xərcləri, 10,5 faizi işsizliyə görə sığorta ödənişləri, 0,4 faizi peşə standartlarının hazırlanması, 25,8 faizi Dövlət Məşğulluq Agentliyinin və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması, 18,8 faizi isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri üçün nəzərdə tutulub.
Əhalinin məşğulluğunun təmin edilməsinə yönəlmiş ümumi xərclərin xüsusi çəkisində azalma tendensiyası müşahidə olunur. 2024-cü ildə bu istiqamət üzrə nəzərdə tutulmuş vəsaitin cəmi 69,8 faizi icra edilib. Cari ilin 9 ayı ərzində 66,6 milyon manat və ya 53 faiz icra olunub və ilin sonuna 109,2 milyon manat və ya 86,9 faizin icrası gözlənilir.
Məşğulluğunun təmin edilməsi xərcləri içərisində özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə gələn il 77 milyon manat məbləğində vəsait ayrılacaq. Bu da cari ilin təsdiq edilmiş göstəricinə bərabərdir, lakin gözlənilən icra göstəricindən 6,5 faiz çoxdur.
Sadə dillə izah etsək, 2025-ci ildə də özünüməşğulluq proqramı çərçivəsində 77 milyon manat ayrılması proqnozlaşdırılıb, amma tam icra edilməyəcək. Hesablama Palatasının rəyinə əsasən, bu istiqamətdə xərclərin 2024-cü ildə 86,7 faizi icra edilib, 2025-ci ilin 9 ayı ərzində il üçün təsdiq olunuş məbləğin cəmi 67,1 faiz xərclənib və ilin sonuna icrasında kəsir yaranacağı qaçılmazdır.
Təqdim edilmiş məlumatlara əsasən, 2023-cü ildə 10 597 nəfər, 2024-cü ildə 8 278 nəfər özünüməşğulluğa cəlb olunaraq aktivlərlə təmin edilib. 2025-ci ilin sonunadək 9 738 nəfərin, növbəti ildə isə 8 910 nəfərin özünüməşğulluğuna dəstək verilməsi proqnozlaşdırılır. Bu isə növbəti ildə 2025-ci ilin gözlənilən icrası ilə müqayisədə 8,5 faiz azalma deməkdir.