Sosial şəbəkədə biz:
İki ayda büdcəyə vergi daxilolmaları azalıb
Xəbər Şəkli

İki ayda büdcəyə vergi daxilolmaları azalıb

08 March 2026, 09:38
İqtisadiyyat

2026-cı ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub.

Vergi Xidmətinin məlumatına görə, bu, proqnozdan 79,4 milyon manat çoxdur. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolamalarında 1,4 faiz azalma müşahidə olunur.

Azalmanın əsas səbəblərindən biri cari ilin iki ayı ərzində neft-qaz sektorunda daxilolmaların 21,4 faiz azalmasıdır. Belə ki, əgər bu sektor üzrə daxilolmalar 2025-ci ildə 1 milyard manatdan çox təşkil edirdisə, 2026-cı ildə bu göstərici 800 milyon manata qədər enib.

Məlumatda qeyd edilir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.

2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub. Məlumata görə, proqnozdan əlavə təxminən 20,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manat təşkil edib.

Vergi Xidmətinin məlumatına görə, həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın olub. Bu, proqnozdan əlavə təxminən 1,5 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 milyon manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 115,7 milyon manata yaxın olub.