Sosial şəbəkədə biz:
İki ildə ölkə üzrə sahibkarlıq subyeklərinin mənfəəti 32 faiz azalıb
Xəbər Şəkli

İki ildə ölkə üzrə sahibkarlıq subyeklərinin mənfəəti 32 faiz azalıb

12 November 2025, 08:33
İqtisadiyyat

Ötən il Azərbaycanda sahibkarlıq subyektlərinin ümumi mənfəəti 7,6 faiz azalıb. Bu da 2024-cü ildə ölkə iqtisadi inkişaf tempinin əvvəlki illə müqayisədə azaldığını göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə iqtisadi fəaliyyət sahələrində mövcud olan müəssisə və təşkilatların ümumi mənfəəti 52 milyard 112 milyon 900,1 manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 7,6 faiz, 2022-ci illə müqayisədə isə 32 faiz azdır.

Ötən il mədənçıxarma sənayesində mənfəət 32 milyard manat, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda 5,7 milyard manat, emal sənayesində 3,7 milyard manat, tikinti sektorunda 3,5 milyard manat, turizm və ictimai iaşə sahəsində 646,2 milyon manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 1,6 milyard manat, səhiyyə və sosial xidmətlərin göstərilməsi sektorunda isə 211 milyon manat olub.

Kommunal xidmətlər və elektrik enerjisi sektoru zərərlə işləyib

Maraqlıdır ki, kommunal xidmətlər və enerji sektorlarında fəaliyyət göstərən müəssisələr böyük zərərlə işləyib və bu zərər ildən-ilə artıb. Təkcə 2024-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 283,8 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində isə 255,2 milyon manat məbləğində zərər qeydə alınıb.

Bu sektorun idarəçiliyi əsasən dövlət müəssisə və şirkətlərinə məxsusdur. Dövlət idarəçiliyində olan təsərrüfat hesablı müəssisə və şirkətlərin hər il zərərlə işləməsi qeyri-effektiv idarəçiliyin və korrupsiyanın əsas göstəricilərindən biri hesab etmək olar.

Ötən il mənfəətlərini ən çox artırmağı bacaranlar xidmət sektorunda fəaliyyət göstərən müəssisələr olub. Belə ki, peşə, elmi və texniki fəaliyyət sahəsindəki müəssisələrin mənfəəti 2,5 dəfə, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 2,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mənfəəti isə 2,4 dəfə artıb.

Hansı sahələr daha mənfəətli olub?

Əvvəlki illər üzrə müqayisəli təhlil apardırdıqda sahibkarlıq subyektlərinin ümumi mənfəətinin 2022-ci ildə 76,5 milyard manat olmaqla ən yüksək səviyyəyə çatdığını deyə bilərik. Növbəti illərdə isə ardıcıl olaraq azalma müşahidə olunub.

Bu azalmanın əsas səbəbi mədənçıxarma sənayesində mənfəətin sürətlə aşağı düşməsi ilə bağlıdır. Bu isə birbaşa ölkədə neft hasilatının azalması ilə əlaqələndirilir. Belə ki, 2022-ci ildə bu sahədə 58 milyard manatlıq mənfəət qeydə alınmış və bu göstərici əvvəlki illərlə müqayisədə 3 dəfə artım demək idi. Həmin dövrdə mədənçıxarma sənayesi sahibkarlıq subyektləri arasında ən yüksək mənfəətə malik sektor olub.

Lakin 2023-cü ildə bu sahədə mənfəət 62,1 faiz, 2024-cü ildə isə 87,9 faiz azalıb. Ekspertlərin fikrincə, neft hasilatının azalması və dünya bazarında qiymətlərin enməsi kimi amillər ölkə iqtisadiyyatının resurs asılılığını və qlobal dəyişikliklərə qarşı həssaslığını açıq şəkildə göstərir. Nəzərə alsaq ki, mədənçıxarma sənayesi ölkə iqtisadiyyatının ən böyük lokomotivi sayılır və məhsul buraxılışı, gəlir və mənfəət göstəricilərindəki payı birinci yerdədir, bu sektordakı kəskin azalma ümumi daxili məhsulun artımına da ciddi təsir göstərir.

Ötən il mədənçıxarma sənayesindəki itkilər müəyyən dərəcədə xidmət sektorundakı gəlirlərin artımı hesabına qismən kompensasiya olunub. Bu da iqtisadiyyatın inkişafında xidmət sektorunun rolunu artırıb.

Xüsusilə, turizm və ictimai iaşə sektoru pandemiyadan sonra bərpa prosesi nümayiş etdirərək son üç ildə bir neçə dəfə artım göstərə bilib. Məsələn, 2024-cü ildə bu sahədə mənfəət 2,5 dəfə artıb.

Daşınmaz əmlak bazarında 2023-cü ildə mənfəət 3,6 dəfə artsa da, 2024-cü ildə 3,9 faiz azalma qeydə alınıb. Ekspertlər bunu bazarın doyması və qiymət artımlarının səngiməsi ilə izah edirlər.

Tikinti sektorunda isə mənfəət ötən il 2,1 dəfə artıb. Bu artım postmüharibə dövründə infrastruktur layihələrinin və yenidənqurma işlərinin sürətlənməsi ilə əlaqələndirilir.

Emal sənayesi 2023-cü ildə qeyri-neft sektoruna ən böyük töhfəni verərək pik nöqtəsinə çatsa da, 2024-cü ildə zəifləmə baş verib. Həmin il bu sahədə mənfəət 3,73 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,5 faiz azdır.

Kənd təsərrüfatı, meşə və balıqçılıq sektorunda isə 2024-cü ildə mənfəət 292,4 milyon manat olub. Bu göstərici 2023-cü illə müqayisədə 4,1 faiz azalma deməkdir. Meydan.tv