Mərkəzi Bank “qapıçı” yox, “hücumçu” olmalıdır | TƏHLİL
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında sabitliyin hökm sürməsində böyük rol oynayır. Lakin AMB-nin hərəkətverici rolu yox dərəcəsindədir. Məsələn, qurumun uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,5%-ə endirməsi haqda qərarı iqtisadiyyatda sabitliyin hökm sürdüyünə dəlalət edir. Xatırladım ki, 10 dekabr 2025-ci il tarixli qərarla da faiz dəhlizi üzrə bütün parametrlər 0,25% bənd azaldılmışdı. Uçot dərəcəsi 6,75%, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 7,75% səviyyəsinə endirilmişdi.
Yeri gəlmişkən, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımovun bir qrup iqtisadçı-ekspertlərlə vaxtaşırı keçirdiyi görüşlərin birində qeyd etmişdim ki, Mərkəzi Bankın uçot dərəcəsinə dair qərarları ABŞ-da FES-in anoloji qərarları ilə sanki eyniyyət təşkil edir. FES də uçot dərəcəsinə məhz 0,25% dəyişikli edir, AMB də. Fərq yalnız ondan ibarətdir ki, FES-in qərarları kredit faizlərinə nəinki təsir, onu birbaşa müəyyən edir və bu yolla da dolların dəyəri formalaşır, bizdəsə bunların heç biri baş vermir və yaxud da üzdə görünmür. Onu da soruşmuşdum ki, olmazmı, AMB uçot dərəcəsinə dair 0,25% deyil, 0,5% və yaxud 1% bənd səviyyəsində qərar qəbul etsin?
Qurumun sonuncu qərarından sonra Sədr bildirmişdi ki, son 6 ayda uçot dərəcəsinin aşağı salınması nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faizin 0,11% bənd azalaraq 9.5%-ə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faizin 0,78% bənd azalaraq 5.87%-ə düşdüyü, fiziki şəxslərə manatla yeni verilmiş kreditlərin orta illik faiz dərəcəsinin isə 0,48% bənd azalaraq 20.99%-ə, hüquqi şəxslərə manatla yeni verilmiş kreditlərin ortaillik faiz dərəcəsinin də 0.91% bənd azalaraq 12.9%-ə endiyi qeydə alınıb. "Biz enmə meyilləri müşahidə edirik. Uçot dərəcəsinin dəyişməsinin təsirini, depozit və kredit faizlərinə təsirini daha çox müşahidə etmək üçün vaxt lazımdır" - deyə T. Kazımov əlavə etmişdi.
Əlbəttə, bu yaxşı tendensiyadır. Və onu inkişaf etdirmək lazımdır. Ola bilsin ki, uçot dərəcəsinə dair hər dəfə məhz 0,25%-lik qərar qəbulu da bu mənada ehtiyatlılıq prinsipindən irəli gəlir. Lakin ölkəmizin Mərkəzi Bankının da inkişaf etmiş ölkələrdəki analoqları kimi iqtisadiyyatın genişlənməsi - artımın təmin olunması baxımından təkanverici, yaxud "hücumçu" rolunda çıxış edə bilməsi üçün bütün bunlar kifayət deyil.
Ümumiyyətlə, bizdə iqtisadiyyatı idarə edən və tənzimləyən qurumları həyata keçirdikləri funksiyalar üzrə təsnif etsək, AMB-ni onların sırasında “qapıçı” kimi xarakterizə etmək olar. Yalnız, inflyasiya amili nəzarətdə saxlanılır ki, bu da "Azərbaycan Mərkəzi Bank haqqında" qanunun faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair 31-ci maddəsinin 2-ci bəndindən irəli gəlir. Qeyd olunan bənddə yazılıb ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır. Bu da AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini, təsir dairəsini, imkanlarını məhdudlaşdırır.
AMB-nin iqtisadiyyatda artıma dəstəkverici rolunun təmin etmək və gücləndirmək üçün uçot dərəcəsi daha çox aşağı salınmalıdır. Təbii ki, mərhələlərlə. Yuxarıda AMB-in əvvəlki qərarını xatırlatdım. Keçən il uçot dərəcəsi üst-üstə iki dəfə aşağı salınmışdı. Bu siyasət cari il ərzində davam etdirilməlidir. Çünki ölkədə işgüzar aktivlik artmalıdır. İnflyasiyadan qorxmaq lazım deyil. Pul bazası genişlənməlidir. Pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici, təsiredici əhəmiyyətə malikdir. Onu elə həcmdə müəyyən etmək lazımdır ki, nə inflyasiya baş versin, nə də işgüzar aktivlik ləngisin. Bu, hər bir hökumətin qarşısında duran həlli çətin məsələlərdən sayılır.
Yeri gəlmişkən, bu ayın əvvəli tarixinə Azərbaycanda pul bazası 22 milyard 545,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 12% və ya 2 milyard 421,2 milyon manat artım deməkdir.
Ümid etmək olar ki, AMB-in 2026-cı il aprel ayının 2-si tarixdə faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edəcəyi növbəti qərarı da 0,25% bənd də varsa endirim ilə yadda qalacaq. Təkrar edirəm, ölkədə iqtisadi artıma bilavasitə Mərkəzi Bank tərəfindən təkanverici gücə çox böyük ehtiyac vardır.
Pərviz Heydərov