Sosial şəbəkədə biz:

Milyardlarla investisiyalara baxmayaraq, elektrik enerjisi istehsalı azalır

Milyardlarla investisiyalara baxmayaraq, elektrik enerjisi istehsalı azalır
Xəbər Şəkli
22 July 2026, 16:01
İqtisadiyyat

Azərbaycan hökumətinin son illərdə alternativ enerji mənbələrini genişləndirməsi və “yaşıl enerji”ni inkişaf etdirməsi əsas strategiyalardan biridir. Xüsusilə su, külək və günəş enerjisi üzrə bərpa olunan enerji layihələrinə xarici və daxili resurslar hesabına böyük investisiyalar yönəldilir.

Bu investisiyalar alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalına təkan versə də, ümumi elektrik enerjisi istehsalında ciddi artıma səbəb olmayıb. Əksinə, bu sahəyə böyük kapital qoyuluşlarının həyata keçirildiyi dövrdə elektrik enerjisi istehsalında azalma müşahidə edilir. Belə ki, son üç il ərzində istehsal həcmi təxminən 4 faiz və ya 518 milyon kVt/saat azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında elektrik enerjisi istehsalı 13 milyard 54 milyon kVt/saat təşkil etdiyi halda, 2026-cı ilin ilk yarısında bu göstərici 12 milyard 536,1 milyon kVt/saata qədər geriləyib. Cari ilin birinci yarısında istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azalıb.

Azalma əsasən istilik elektrik stansiyalarında (İES) istehsal həcminin ildən-ilə aşağı düşməsi ilə bağlıdır. Əgər 2023-cü ilin ilk altı ayında İES-lərdə 11,6 milyard kVt/saat elektrik enerjisi istehsal olunubsa, bu göstərici 2024-cü ildə 10,4 milyard kVt/saata, 2025-ci ildə 10,4 milyard kVt/saata, 2026-cı ilin eyni dövründə isə 9,4 milyard kVt/saata qədər azalıb.

İqtisadçıların fikrincə, istilik elektrik stansiyaları əsasən yanacaq, xüsusilə təbii qaz hesabına fəaliyyət göstərir. Onlar hesab edirlər ki, hökumətin əsas prioritetlərindən biri daha çox təbii qaz ehtiyatı toplamaq və onun Avropa bazarlarına ixracını artırmaqdır. Belə ki, təbii qazın ixracından əldə olunan gəlirlər İES-lərdə elektrik enerjisi istehsalından əldə olunan gəlirlərdən daha yüksəkdir. Son üç ildə İES-lərdə elektrik enerjisi istehsalı 2,25 milyard kVt/saat azalıb. Bunun əvəzində qənaət olunan mavi yanacağın xammal kimi xarici bazarlara çıxarılması üçün daha çox imkan yaranır.

Qeyd edək ki, Azərbaycanın elektrik enerjisinə olan tələbatı daxili istehsal hesabına tam ödənilir. Hətta elektrik enerjisi ölkənin əsas ixrac məhsullarından biri hesab olunur. Lakin hazırda ixrac həcmində azalma tendensiyası müşahidə edilir.

İqtisadçılar hesab edirlər ki, ixrac bazarının daralması istehsala da təsir göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bir il ərzində Azərbaycanın xaricə elektrik enerjisi satışı 60 faizdən çox azalıb. Belə ki, 2025-ci ilin birinci yarısında 680 milyon kVt/saat elektrik enerjisi ixrac edildiyi halda, 2026-cı ilin müvafiq dövründə bu göstərici 271,2 milyon kVt/saata qədər düşüb. İxracdakı azalmanın əsas səbəbi Gürcüstana elektrik enerjisi satışının azalmasıdır.

İstehsalın azalmasına təsir göstərən digər amil isə investisiyaların istiqamətinin dəyişməsi və daha çox bərpa olunan enerji mənbələrinin inkişafına yönəldilməsidir. 2020-ci ilə qədər elektrik enerjisi istehsalı sahəsinə illik 500-600 milyon manat investisiya yatırılırdı. Bu vəsaitlərin böyük hissəsi yeni İES-lərin tikintisinə və mövcud stansiyaların təmirinə xərclənirdi.

Lakin 2023-cü ildən başlayaraq günəş və külək enerjisi də daxil olmaqla, bərpa olunan enerji layihələrinə ildə 1-1,3 milyard manatdan çox sərmayə qoyulub. Bu investisiyaların böyük hissəsi xarici kapital hesabına həyata keçirilib.

Əsas kapital qoyuluşlarının istiqamətinin dəyişməsi nəticəsində bərpa olunan enerji mənbələri üzrə istehsalı bir neçə dəfə artırmaq mümkün olub. Məsələn, son illərdə dövlət büdcəsi hesabına işğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarının (SES) tikintisi və bərpası üçün böyük investisiyalar yatırılıb. Nəticədə SES-lər üzrə elektrik enerjisi istehsalı iki dəfədən çox artıb. Su mənbələrindən əldə olunan elektrik enerjisi 2023-cü ilin birinci yarısında 873,5 milyon kVt/saat təşkil etdiyi halda, 2026-cı ilin müvafiq dövründə bu göstərici 1,87 milyard kVt/saata çatıb.

Xarici kapitalın ən çox yönəldiyi sahələr isə günəş və külək enerjisidir. Ərəb investorlarının layihələrindən sonra günəş elektrik stansiyalarında (GƏS) istehsal 2023-cü ilin ilk yarısında 32 milyon kVt/saat olduğu halda, 2026-cı ildə 256,4 milyon kVt/saata yüksəlib.

Külək elektrik stansiyalarından (KƏS) əldə olunan elektrik enerjisi isə 2023-cü ilin birinci yarısındakı 31,5 milyon kVt/saatdan 2026-cı ilin yanvar-iyun aylarında 500 milyon kVt/saata qədər artıb.

Paralel olaraq, biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalı 2026-cı ildə 126 milyon kVt/saat təşkil edib. meydan.tv