Sosial şəbəkədə biz:
Neft Fondunun aktivlərində mənfi dinamika
Xəbər Şəkli

Neft Fondunun aktivlərində mənfi dinamika

25 April 2026, 09:20
İqtisadiyyat

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin birinci rübünü kəsirlə başa vurub. Fondun məlumatına görə, cari ilin yanvar-mart aylarında büdcə gəlirləri 3 milyard 180 milyon manat, xərcləri isə 3 milyard 223 milyon manat təşkil edib. Nəticədə büdcə icrasında 43,5 milyon manat kəsir yaranıb.

İlin birinci rübündə Neft Fondunun büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azalıb. Fondun əsas gəlir mənbələrindən olan neft-qaz gəlirləri yanvar-mart aylarında 1 milyard 803 milyon manat təşkil edib. Bura xam neft və təbii qazın satışından gələn vəsaitlər daxildir. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz satışından əldə olunan gəlirlər 1,2 milyard manat və ya 40,2 faiz azalıb.

“Əsrin müqaviləsi” çərçivəsində yanvar-mart aylarında neft və qaz sazişlərindən Azərbaycan tərəfinin əldə etdiyi gəlirlər 20 faiz azalaraq 2,2 milyard manatdan 1,8 milyard manata düşüb. 2025-ci ilin müvafiq dövründə 765,3 milyon manat bonus və tranzit ödənişləri alan Neft Fondu cari ildə bu istiqamətdə cəmi 400 min manat gəlir əldə edib. Bu isə faktiki olaraq ilk rübdə bonus ödənişlərinin olmadığını göstərir.

Böyük neft-qaz yataqlarına gəlincə, Fondun əsas gəlir mənbəyi olan “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə azalma müşahidə edilib, “Şahdəniz” qaz yatağından daxilolmalarda isə artım qeydə alınıb.

Belə ki, əsas neft hasil olunan “Azəri-Çıraq-Günəşli” yatağı üzrə 2026-cı ilin ilk rübündə gəlirlər 1,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalma deməkdir.

Əksinə olaraq, “Şahdəniz” qaz yatağından daxil olan vəsait isə 181,9 milyon manatdan 359,6 milyon manata yüksəlib ki, bu da təxminən iki dəfə artım deməkdir.

Fondun digər mühüm gəlir mənbəyi – vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib. Bu, ARDNF-in investisiya portfelinin idarə olunmasından formalaşan gəlirlərdir və ötən illə müqayisədə gəlirlilik xeyli artıb. Belə ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu istiqamətdən əldə olunan gəlirlər təxminən 6 dəfə artıb.

Fondun məlumatına görə, bu artımın əsas səbəbi qızılın qiymətinin yüksəlməsi və valyutalar üzrə məzənnə fərqlərindən yaranan büdcədənkənar gəlirlərdir. Qızılın yüksək qiyməti valyuta ehtiyatlarında 2 milyard 118 milyon manat dəyər artımı yaradıb. Bu səbəbdən səhm, istiqraz və daşınmaz əmlak kimi investisiya portfelləri üzrə gəlirlilik  741,1 milyon manat azalsa da, qızılın yüksək qiyməti bu azalmanı kompensasiya edib.

İlk dəfə olaraq, Fondun bir neçə ildir artırdığı qızıl ehtiyatlarının bir hissəsini satmağa başladığını görə bilirik. Belə ki, 3 ay ərzində qızıl ehtiyatları 21,9 ton azalaraq 178,1 tona düşüb.

ARDNF-nin xərclərinə gəlincə, 2026-cı ilin birinci rübündə 3,2 milyard manat dövlət büdcəsinə transfert edilib. Bundan əlavə, 7,1 milyon manat vəsait “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın (1,2 milyon manat) və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın (5,9 milyon manat) maliyyələşdirilməsinə yönəldilib.

Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 25,6 milyon ABŞ dolları azalaraq 73,5 milyard ABŞ dollarına düşüb.

Neft Fondu qeyd edir ki, 2026-cı ilin ilk rübündə qlobal maliyyə bazarlarında artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda çətin mühit formalaşıb. Rüb ərzində səhm və istiqraz bazarlarında təzyiqlər müşahidə olunub, ilin ilk iki ayında gəlirlilik azalıb. Mart ayında qızılın qiymətində müəyyən geriləmə olsa da, ilin əvvəlindən formalaşan yüksək qiymət səviyyəsi bu sahədə investisiyaların gəlirliliyini qoruyub.