Sosial şəbəkədə biz:
Neft hasilatı azalıb, qaz artıb
Xəbər Şəkli

Neft hasilatı azalıb, qaz artıb

13 January 2026, 09:00
İqtisadiyyat

2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16.2 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3.8 milyon tonu "Şahdəniz"in, 0.6 milyon tonu "Abşeron" yatağının, 7.1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə 23.1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub.

2024-cü ildə isə ölkədə 29.1 milyon ton neft hasil edilmişdi. İki il əvvəl ixrac isə 24.4 milyon ton olmuşdu.

Son illər Azərbaycanda neft hasilatı azalmaqda davam edir.

Azərbaycanda neft hasilatı 2009-2010-cu illərdə 50 milyon ton həddini keçərək rekord göstəriciyə (2010-cu ildə 50.838 min ton) çatıb. Lakin bu dövrdən sonra tədricən azalmağa başlayıb. Üstəlik, son bir ildə neftin qiymətlərində 18 faiz düşüş var.

Qaz hasilatı artıb

2025-ci ildə ölkədə 51.5 milyard kubmetr təbii qaz hasil edilib. Onun 25.2 milyard kubmetri ixrac olunub.

2024-cü ildə ölkədə 50.3 milyard kubmetr təbii qaz hasil edilmişdi..

Son 1 ildə dünya bazarında qazın qiymətində 9 faizə yaxın artım olub.

Azərbaycanda ixracın təqribən 85 faizi neft və qazın payına düşür.