Sosial şəbəkədə biz:

Oktyabrdan kredit götürmə qaydaları dəyişir - Açıqlama

Oktyabrdan kredit götürmə qaydaları dəyişir - Açıqlama
Xəbər Şəkli
21 July 2026, 10:32
İqtisadiyyat

Onlayn kreditlərə maraq sürətlə artır. Bir neçə dəqiqə ərzində, banka getmədən kredit əldə etmək imkanı bu xidməti xüsusilə təcili maliyyə ehtiyacı olan şəxslər üçün cəlbedici edir. Lakin əlçatanlığın artması ilə yanaşı, bu sahədə risklər də gündəmə gəlir.

Onlayn kreditlərin ən böyük riskləri nələrdir? Vətəndaşlar belə kreditlərdən istifadə edərkən hansı məqamlara diqqət yetirməlidirlər?

Bank eksperti Emin Kərimov açıqlamasında bildirib ki, bu sahədə müəyyən problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır və oktyabrın 1-dən etibarən yeni tələblər qüvvəyə minəcək.

Ekspertin sözlərinə görə, hazırda onlayn kreditlərlə bağlı bir sıra risklər qalmaqdadır:

“Onlayn kreditlər məsafədən rəsmiləşdirildiyi üçün vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Ən vacib məqamlardan biri saxta linklərdən qorunmaqdır. Bəzi insanlar bankın rəsmi saytına daxil olmaq əvəzinə, “TikTok”, “Instagram” və digər sosial şəbəkələrdə bank adından yayılan saxta keçidlərə daxil olur və kiberdələduzluğun qurbanına çevrilirlər. Bu səbəbdən onlayn kredit üçün müraciət yalnız bankların rəsmi saytları və ya rəsmi mobil tətbiqləri vasitəsilə edilməlidir. Saxta linklər vasitəsilə kart məlumatları ələ keçirilə, həm kredit vəsaiti, həm də kartdakı digər məbləğlər oğurlana bilər. Bundan əlavə, saxta profillərə, QR kodlara və keçidlərə daxil olmamaq, kart və şəxsi məlumatları heç kimlə paylaşmamaq vacibdir. Bəzən dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək kart nömrəsi, CVV kodu və digər məxfi məlumatları tələb edirlər. Halbuki banklar bu məlumatları telefon vasitəsilə istəmirlər. Əgər sizdən bu cür məlumatlar tələb olunursa, bunu dələduzluq cəhdi kimi qiymətləndirmək, məlumatları paylaşmamaq və zərurət yaranarsa hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.

Ekspert qeyd edib ki, bəzi hallarda vətəndaş krediti əldə etdikdən dərhal sonra dələduzların hədəfinə çevrilir və saxta keçidlər vasitəsilə kredit vəsaiti oğurlanır:

“Buna görə də diqqətli olmaq və kredit vəsaitinin yalnız öz bank hesabınıza köçürülməsini təmin etmək vacibdir. Ümumilikdə, onlayn kreditlər rahat olsa da, müəyyən risklər daşıyır. Lakin yeni requlyativ tələblərə əsasən, oktyabrın 1-dən etibarən bu risklər müəyyən dərəcədə azaldılacaq. Belə ki, kredit sifariş edən şəxs vəsaiti yalnız bir gün sonra əldə edə biləcək. Bundan başqa, şəxsi məlumatlarının emalına razılıq verib-verməməsi də onun öz seçimindən asılı olacaq. Şəxs 24 saat ərzində onun adından kredit sifariş edilməsi və ya kredit rəsmiləşdirilməsi ilə bağlı məlumat alacaq və zərurət yaranarsa prosesi vaxtında dayandıra biləcək. Həmçinin, əgər vətəndaşa hansısa banka kredit müraciəti etdiyi barədə bildiriş daxil olarsa, lakin özü belə müraciət etməyibsə, dərhal bankın çağrı mərkəzi və ya filialı ilə əlaqə saxlamalı, bunun dələduzluq cəhdi olduğunu bildirməli və kreditin rəsmiləşdirilməsi prosesinin dayandırılmasını tələb etməlidir”.